“Qran-pri”də ən yaxşı nəticə göstərən cüdoçumuz yarışa öz pulu ilə gedib
25 noyabr 2010 19:00 (UTC +04:00)

“Qran-pri”də ən yaxşı nəticə göstərən cüdoçumuz yarışa öz pulu ilə gedib

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində başa çatan “Qran-pri” turnirində Azərbaycan cüdoçuları arasında ən yaxşı nəticəni göstərmiş Elxan Rəcəbli yarışda öz vəsaiti hesabına çıxış edib. Bu haqda Lent.az-a 30 yaşlı idmançımızın özü məlumat verib.

Onun sözlərinə görə, “Qran-pri”yə yollanmaq və mehmanxana xərcləri ona təqribən 1000 manata başa gəlib. Rəcəbli turnirdən sonra Əbu-Dabidə təlim-məşq toplantısı üçün qalan yığmamızın heyətinə də salınmayıb. O, noyabrın 25-də Bakıya qayıdıb.

Təcrübəli cüdoçu deyib: “Mənə bildirdilər ki, ilin sonudur, səni turnirə göndərməyə pulumuz yoxdur. Çıxış etdiyim 81 kq çəki dərəcəsində bu ildən yarışmağa başlayan olimpiya çempionu Elnur Məmmədlinin olduğunu səbəb göstərdilər və məni artıq saydılar. Halbuki mən nə Elnurdan, nə də başqalarından zəif deyiləm. Hazırda Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında 81 kq çəkidə cüdoçularımız arasında ən yaxşı nəticə mənə məxsusdur”.

Rəcəblinin fikrincə, “Qran-pri”də zəif təsir bağışlasaydı, yığmadan birdəfəlik kənarlaşdırıla bilərdi. Lakin 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 5-ci yeri tutması və aktivinə 5 xal yazdırması onun növbəti il Azərbaycan Cüdo Federasiyası hesabına yarışlara qatılma şanslarını artırıb.

Qeyd edək ki, “Qran-pri”də federasiyanın vəsaiti hesabına çıxış etmiş 8 cüdoçumuz olimpiadaya lisenziya xalları verən ilk “5-liy”ə düşə bilməyiblər. Olimpiya çempionu Elnur Məmmədli isə xəstələndiyi üçün son anda heyətdən çıxarılıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar