“Qarabağ”ın hücumçusu: “Ötürmə gəlmirsə, necə qol vura bilərəm?” – MÜSAHİBƏ
24 noyabr 2010 14:56 (UTC +04:00)

“Qarabağ”ın hücumçusu: “Ötürmə gəlmirsə, necə qol vura bilərəm?” – MÜSAHİBƏ

Ağdamın “Qarabağ” futbol klubunun və Azərbaycan milli komandasının hücumçusu Rauf Əliyevin Lent.az-a müsahibəsi

- “Qarabağ”ın Unibank Premyer Liqasındakı uğursuz nəticələrini Azərbaycan millisinə çağırılan futbolçuların kluba yorğun halda qayıtması ilə əlaqələndirirlər. Yığmada da çıxış edən futbolçu kimi bu yaxınlarda Çernoqoriya millisinə qarşı yoldaşlıq görüşündə iştirak etmisiniz. Özünüzdə yorğunluq hiss edirsiniz?

- Ola bilər. Amma noyabrın 21-də AZAL-la keçirdiyimiz çempionat matçında heç də pis oynamırdıq. Oyunun demək olar ki, 70 faizlik bölümündə top bizdə oldu. Amma qolları rəqib vurdu. Nəticədə 0:2 hesabı ilə uduzduq. “Bakı” ilə daha öncəki görüşdə isə daha çox yorğunluq hiss olunurdu. Çünki həmin qarşılaşma öncəsi yığmanın tərkibində keçirdiyimiz təlim-məşq toplantısından yenicə qayıtmış və bir günlük fasilədən sonra oyuna çıxmışdıq. AZAL-la matçımızda isə elə də yorğunluq yox idi.

- Bəs məğlubiyyətə səbəb nə oldu?

- Alınmadı. Şanslarımızdan yararlana bilmədik. Amma rəqib bunu bacardı.

- Hətta oyunun əvvəllərində AZAL-ın bir qolu sayılmadı. Sayılsaydı, oyun daha böyük hesabla nəticələnə bilərdi?

- İnanmıram. O qol ofsayddan vurulduğu üçün sayılmadı. Digər tərəfdən, 75-ci dəqiqədə qapımızdan qol buraxanadək daha yaxşı oynayırdıq. Üstünlük bizim tərəfimizdə idi. Biz bir qol vursaydıq, bəlkə də davamı gələrdi. Amma onların ilk qolundan sonra komandamız “sındı”.

- Çempionat öncəsi istirahətə vaxtınız az oldu. Avropa Liqasındakı gərgin oyun qrafikindən sonra Premyer Liqada problemlər yaşayacağınızı çoxları gözləyirdi. Sizcə, “Qarabağ”ın hazırkı uğursuzluğu Avroliqadakı çətin matçların, yoxsa bir çox aparıcı oyunçularının millidən yorğun qayıtmasının nəticəsidir?

- Avropa Liqasındakı heyətdən hazırda 5 oyunçu çıxış etmir. Maksim Medvedev, Əfran İsmayılov, Andrey Rubins, Samir Abasov zədəlidir, Rəşad Sadıqov Türkiyənin “Eskişehirspor” klubuna keçib. Komandamızın əsas heyət üzvlərinin demək olar ki, yarısı yoxdur. Əsas səbəb budur. Yorğunluq faktoru da səbəb ola bilər. Çünki 3 cəbhədə - Avropa kubokları, çempionat və yığmada oynamışıq. İndiyədək belə hal olmayıb. Yorğunluq hiss olunur. Bu baxımdan, çətinliklər var.

- Hücumçunun əsas işi qol vurmaqdan ibarətdir. Elə isə hücumçu Rauf Əliyev niyə istənilən qədər qol vura bilmir?

- Mən son iki oyunda fərqlənməmişəm. Daha əvvəlki qarşılaşmalarda isə qol vurmuşam. Hazırda aktivimdə 4 qol var. “Bakı” və AZAL-la görüşlərdə isə komandamızın heç bir üzvü rəqib qapılarının torunu silkələyə bilməyib. Alınmayanda alınmır.

- İddialı klublar qol vurmadan uduzanda məsuliyyəti daha çox hücumçuların üzərinə qoyurlar...

- Oyun ərzində iki-üç qol vəziyyəti əldə edirik. Şəxsən mən AZAL-la görüşdə iki dəfə fərqlənə bilərdim. Bunlardan birində zərbəmi qapıçı dəf etdi, digəri isə qapı dirəyinə dəydi. İnşallah, gələn oyunlarda fərqlənərəm.

- Uğursuzluqlarla əlaqədar klub rəhbərliyi komandaya qarşı intizam tədbiri görüb?

- Rəhbərlik daim bizdən nəticə gözləyib. Bizə inanıblar. “Qarabağ” həmişə nəticə verən komandadır. Növbəti oyunlarda öz sözümüzü deyəcəyimizə inanıram. Son turlar enişdə olsaq da, tezliklə öz oyunumuzu tapacağımıza və çempionatın sonunadək turnir cədvəlindəki vəziyyətimizi düzəldəcəyimizə inanıram. Hamı uğursuzluğumuzun səbəbini bilir. Rəhbərliyin tez-tez iclas keçirməsi, komandanı sıxmasına gərək yoxdur. Özümüz də bilirik ki, udmaq lazımdır.

- Futbolçularınızdan bəziləri uzun müddətədək sıradan çıxıb. Sizcə, qış transfer dövründə dəyişikliyə lüzum var?

- Buna baş məşqçi qərar verir. Mənim işim isə oynamaqdır. Şans veriləcəksə, çıxıb oynayacağam.

- Komandanızda Sizi topla lazımi səviyyədə təmin edən futbolçular var?

- İstənilən kimi, yüksək səviyyədə alınmır. Oyundur da... Ötürmə hərdən gəlir, hərdən gəlmir. Əvvəllər daha çox idi. Son matçlarda isə ötürmə az gəlir. Bilmirəm, uşaqlarda yorğunluqdandır, yoxsa nədəndirsə, sanki istədiyimizi 90 dəqiqə ərzində edə bilmirik. Ya oyunun əvvəlində yaxşı, sonradan isə pis çıxış edirik, ya da tərsinə olur.

- Deyəsən, oyununuz daha çox Əfran İsmayılovla alınırdı...

- Çoxları belə deyir. Əlbəttə, Əfran yarımmüdafiəçi, mən isə hücumçu olduğumdan, ondan daha çox ötürmə alırdım. Bəlkə də... Ola bilər.

- Yığmada da Sizə etimad göstərilir, amma çoxdandır qol vura bilmirsiniz. Bunun səbəbini nədə görürsünüz?

- Mənə lazımi qədər ötürmə gələndə, qol vururam. Milli komandanın heyətində Çernoqoriya ilə yoldaşlıq görüşündə 66 dəqiqə meydançada oldum. Demək olar ki, bir dəfə də qol epizoduna girmədim. Nə cinahlardan, nə də orta xətdən ötürmə gəldi. Çünki biz Çernoqoriya ilə qarşılaşmada yalnız müdafiəyə oturmuşduq. Mən də ki qabaqda... Necə deyim? Sadəcə, qaçırdım. Belə, boş yerə. Güclü hücum etmədik ki, mən də fərqlənim. Millidə buna görə fərlənə bilmirəm. Klubda isə ötürmə veriləndə qol vururam. Top gəlmədikdə isə necə qol vura bilərəm?

- Belə çıxır ki, hücumçu kimi funksiyanız “hazırın naziri” olmaqdan ibarətdir...

- Mən öz qapımızın qarşısından topu götürüb, irəliləyərək, qol vura bilmərəm. Bu, mümkün deyil. Gərək ötürmə gəlsin ki, qol vurum da... Düzdür, şərt o deyil ki, ötürmə versinlər, mən də qol vurum. Oyun vəziyyətindən də çox şey asılıdır. Təşəbbüsü öz üzərimə götürüb qol vurmaq isə hər dəfə olmur. Ayda-ildə bir dəfə baş tutur.

- Qarşıda “Neftçi” ilə oyununuz var. “Qarabağ”ın bu matçda uğursuzluq zolağından çıxacağını gözləmək olar?

- Məncə, “Neftçi” ilə matçda komandamız öz sözünü deyəcək. Yəni, “Qarabağ” öz gücünü göstərəcək və hamı yenə əvvəlki kimi, bizdən danışacaq.

- Cari mövsümün gedişində rəqiblərinizi Quzanlıda yox, iki fərqli arenada – Suraxanıda və Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etmisiniz. Ağdamdan fərqli olaraq, Bakıda oyunlarınıza az azarkeşin gəlməsi nəticələrinizə təsir göstərir?

- Əlbəttə, Bakıda oynarkən, azarkeş dəstəyini hiss etmirik. Amma Ağdamda çıxış etdiyimiz vaxt azarkeş amilinin böyük rolu olurdu. 50 faiz komandamız oynayırdısa, 50 faizində azarkeş öz sözünü deyirdi. Amma Bakıda oyunlarımıza 15-20 nəfər gəlir. Onlar da ki... Gəlməsəydilər bundan yaxşı idi.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1419

Oxşar yazılar