Azərbaycan və Çin klubları üz-üzə
19 noyabr 2010 15:03 (UTC +04:00)

Azərbaycan və Çin klubları üz-üzə

Lent.az-ın məlumatına görə, bu münasibətlə Bakıda mətbuat konfransı keçirilib.

Tədbirdə klubların menecerləri, baş məşqçiləri və idmançılarından əlavə, WSB-nin supervayzeri doktor Abdulla Bessalam da iştirak edib. Bessalam əvvəlcə Azərbaycan Boks Federasiyasına yüksək təşkilatçılığa görə minnətdarlıq edib. O, WSB seriyasından görüşün uğurla başa çatacağına inam ifadə edib: “Arzu edirəm ki, bütün boksçular öz evlərinə sağ-salamat qayıtsınlar”.

“Beijing Dragons”un meneceri Yuan Jonq Pekindən gəldiklərini və Bakıda olmaqdan məmnunluq hissi keçirdiklərini vurğulayıb. O, təmsil etdiyi klub adından WSB-yə və “Baku Fires”ə təşəkkür edib: “Bu, çox tarixi gündür. Arzumuz həyata keçir. “Beijing Dragons” burada çox gözəl döyüşmək imkanı əldə edəcək və təmiz mübarizə aparacaq”.

Sonra o, baş məşqçi Vu Sya Sonqu və komanda üzvlərini təqdim edib.

“Baku Fires”in baş meneceri Rizvan Gənciyev isə WSB haqda ətraflı məlumat verib. Onun sözlərinə görə, bu qurumun keçirdiyi yarışlar beynəlxalq miqyaslı layihədir: “Bu layihə 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak imkanı verir. Qrupda Çin, Koreya və Qazaxıstan klubları rəqiblərimizdir. Gələn il martın 12-dək 6 döyüş keçirəcəyik. Bütün görüşlər canlı yayımlanacaq”.

Daha sonra Gənciyev də baş məşqçi Yevgeni Kotov və digər idmançıları təqdim edib.

Yevgeni Kotov bildirib ki, bu komanda Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov tərəfindən 3 ay öncə yaradılıb. Bu müddətdə ABŞ-ın Mayami şəhərində dünyanın güclü boksçuları ilə birgə təlim-məşq toplantısı keçirilib: “Hazırlıq prosesindən razı qalmışam. Zəif bəndimiz yoxdur. Romal Amanov dünya çempionatının finalçısı, Denis Povatska Avropa çempionudur. Digərləri də güclüdürlər. Hamısına ümidim böyükdür”.

Ardından çəki mərasimi keçirilib.

Mətbuat konfransında Romal Amanov bildirib ki, yarış yeni qaydalarla keçirilsə də, döyüşmək çətin olmayacaq. Amanov bütün boksçuların qələbə üçün mübarizə aparacaqlarını əlavə edib. Maqomedrəsul Məcidov da yarışa yaxşı hazırlaşdığını və hər şeyin öz əllərində olduğunu bildirib.

Qeyd edək ki, “Baku Fires”in üzvlərindən Məhəmməd Əbdülhəmidov (54 kq) Lou Şaofanqla, Romal Amanov (61 kq) Lei Fanqla, Soltan Migitinov (73 kq) Siaobanq Zanqla, Denis Poyatska (85 kq) Xuezi Siao ilə, Maqomedrəsul Məcidov (+91 kq) Zihua Ma ilə üz-üzə gələcək.

Qarşılaşmalar peşəkar boks qaydalarına uyğun hər biri 3 dəqiqədən ibarət olmaqla 5 raundda keçiriləcək. Asiya, Avropa və Amerika qitələrində ümumilikdə 12 komanda mübarizə aparacaq. Hər qitədə 6 turun yekununda 3 qalib və ən yaxşı ikinci pillənin sahibi yarımfinala vəsiqə qazanacaq. Bununla da WSB seriyasından qalib müəyyənləşəcək. Daha sonra hər çəki dərəcəsi üzrə şəxsi görüşlər keçiriləcək və yekunda 5 çəkidə qaliblər 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1549

Oxşar yazılar