Arif Əsədov: “Yanvarda “Neftçi” – “Qalatasaray” matçı baş tutmayacaq”
18 noyabr 2010 15:38 (UTC +04:00)

Arif Əsədov: “Yanvarda “Neftçi” – “Qalatasaray” matçı baş tutmayacaq”

Flaqmanın baş məşqçisi Arif Əsədovun Lent.az-a verdiyi məlumata görə, buna iki komandanın hazırlıq planının üst-üstə düşməməsi səbəb olub.

Oyunun 7 – 10 yanvar aralığında təşkili planlaşdırılırdı. Amma həmin ərəfədə “Neftçi”nin futbolçuları qış fasiləsindən yenicə qayıdacaqlar. Yanvarın 10-da isə komanda üzvləri Türkiyənin Antalya şəhərinə yollanacaqlar. Əsədov bildirib ki, on gün davam edəcək hazırlıq prosesi çərçivəsində yalnız bir yoldaşlıq görüşü nəzərdə tutulub. Həmin qarşılaşma yanvarın 19-a təsadüf edəcək. Bundan 4 gün sonra Türkiyə Superliqasında fasilə başa çatacaq. “Qalatasaray”ın “Sivasspor”la İstanbulda keçirəcəyi oyun öncəsi Antalyada yoxlama matçına çıxıb-çıxmayacağı məlum deyil. Amma bu yaxınlarda Bakıda səfərdə olan “Cim-Bom”un idman direktoru Adnan Sezgin yoxlama matçının məhz yanvarın 10-dək baş tutacağını açıqlamışdı. Digər tərəfdən, Əsədov yanvarın 19-da nisbətən zəif rəqiblə üz-üzə gəlmək istədiklərini söyləyib: “Hazırlıq planlarımız üst-üstə düşmədiyi üçün çox güman ki, “Qalatasaray”la yanvarda nəzərdə tutulan oyunumuz baş tutmayacaq”.

“Neftçi”nin baş məşqçisi yanvarın 24-dən başlanacaq hazırlıq prosesinin ikinci mərhələsi ərzində planlaşdırdığı yoldaşlıq görüşləri üçün tarixləri də açıqlayıb. Oyunların yanvarın 26-da və 29-da, eləcə də fevralın 1-də və 3-də təşkili nəzərdə tutulub.

Qeyd edək ki, “Neftçi” ilə “Qalatasaray” arasında daha bir yoldaşlıq görüşünün 2011-ci ilin yayında Bakıda təşkili planlaşdırılıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar