Yaşar Vahabzadə: “Qarabağ”ın “Neftçi”dən oyun almasına klub prezidenti imkan vermədi” –
Onunla özünə doğma olan “Neftçi”nin keçmiş bazasında söhbətləşdik. Lent.az-ın “Canlı əfsanə” layihəsi üçün. Hələ uşaq yaşlarından oyununu izlədiyim Yaşar Vahabzadə idi.
Çox az dəyişmişdi. Heç 50 yaş vermək də olmazdı. Söhbətin məğzini bildikdən sonra danışmağa, hətta ötənlərlə bağlı ilginc açıqlamalar verməyə başladı...
“Avtomobilçi”dən “Neftçi”yə
1960-cı il aprelin 8-də Bakı şəhərindəki Yasamal yaşayış massivində doğulmuşam. Orta təhsilimi Yasamal rayonundakı 52 nömrəli məktəbdə almışam. Məktəbin həyətində futbol meydançası vardı, orada oynayırdıq. Bir dəfə dedilər ki, bir məşqçi gəlib. Kim xoşuna gəlsə, onu komandasına götürəcək. Sonradan bildik ki, bu, tanınmış mütəxəssis Asif Namazovdur. Asif müəllim futbol oynadığımız vaxt məni yanına çağırdı. “Futbola getmək istəyirsən?” deyə soruşdu. “Bəli” cavabını verdim. Bundan sonra o, məni “Qızıl şərq” adlı komandaya dəvət etdi. Mən də razılıq verdim və komandanın məşqlərinə getməyə başladım. Ardından məhəllələr arasında keçirilən “Sevinc” Kubokunda çıxış etdik. Daha sonra Namazovu FŞM adlandırılan komandaya məşqçi təyin etdilər. O da bizi özü ilə apardı. FŞM-in heyətində Bakı birinciliyində oynadım. Az sonra Azərbaycan yığmasına cəlb olundum. Müxtəlif yarışlarda iştirak edirdik. Orta məktəbi başa vurduğum 1977-ci ildə SSRİ çempionatının II dəstəsində oynayan Bakının “Avtomobilçi” komandasına dəvət aldım. Bu, belə baş verdi: Yığmanın heyətində İran komandası ilə yoldaşlıq görüşü keçirirdik. “Avtomobilçi”nin baş məşqçisi, rəhmətlik Əli Əbilzadə də oyunu izləməyə gəlmişdi. Matçdan sonra məni öz komandasına çağırdı. Beləliklə, “Avtomobilçi”də oynamağa başladım. 2 ildən sonra bu komanda Mingəçeviri təmsil etməyə başladı. Bütün kollektiv Mingəçevirə yollandı. 1982-ci ilin sonunadək orada oynadım. Bu vaxt “Neftçi”nin məşqçilər heyətində dəyişiklik oldu. Yeni baş məşqçi Kazbek Tuayev məni bu komandaya dəvət etdi. 1990-cı ilədək “Neftçi”də oynadım. Sonradan Sumqayıtın “Xəzər”, Bakının “Nicat” və “Dinamo” (hazırkı “Bakı” – red.) komandalarında da çıxış etdim. 40 yaşımda ikən Sumqayıtın “Kimyaçı” klubunun heyətində futbolçu karyeramı başa vurdum. Özü də səssiz-səmirsiz, vida matçı keçirmədən. Səbəbi? Nə bilim, vallah... Bir söz deyən olmadı, mən də elə xasiyyətdə olan insanam ki, gedib heç kimə demərəm ki, mənə vida matçı təşkil edin. Gördüm ki, heç kəs tərəfindən bir hərəkət yoxdur, mən də danışmadım. Futbolçu qismində 40 yaşımı tamamladım. 2000-ci ildə dövrələrarası fasilə müddətində karyeramı başa vurdum.
Polşa ilə heç-heçə qarşılığında 500 dollar mükafat
1994-1995-ci illərdə Azərbaycan milli komandasının tərkibində də çıxış etdim. 1996-cı il Avropa çempionatının seçmə qrup mərhələsində 4 oyun keçirdim. Bunlardan 2-si Ağasəlim Mircavadovun baş məşqçi olduğu dövrə təsadüf etdi. O vaxtlar rəqiblərimizi Türkiyənin Trabzon şəhərində qəbul edirdik. Orada əvvəlcə Fransaya qarşı oynadım. 0:2 hesabı ilə uduzduq. Ardından Koşitse şəhərində Slovakiyaya 1:4 hesabı ilə yenildik. Mircavadovu əvəzləyən Kazbek Tuayev də mənə 2 oyunda şans verdi. Səfərdə İsrailə 0:2 hesabı ilə məğlub olduq. Daha sonra Trabzonda Polşa ilə 0:0 hesablı heç-heçə edərək, rəsmi oyunlarda ilk xalımızı qazandıq. Səhv etmirəmsə, bunun qarşılığında hər birimizə 500 dollar mükafat verildi. Bilirsiniz, hər dövrün öz aparıcı futbolçuları olur. O vaxt da var idi, indi də var. İndiki ilə o vaxtkı şəraitləri müqayisə etmək qeyri-mümkündür. Yerlə göy qədər fərq var. Amma komandamız pis deyildi. Sadəcə, oyunlarımızı Trabzonda yox, Bakıda keçirsəydik, daha bir neçəsini heç-heçə, hətta qələbə ilə başa vura bilərdik. Demirəm ki, 1-2-ci yerləri tutardıq, amma müəyyən miqdarda xal ehtiyatı yığmaq olardı. Trabzondakı oyunlarımıza elə də çox azarkeş gəlmirdi. Bizi dəstəkləyənlərin bir hissəsi Bakıdan gedənlər, qalanları da yerli sakinlər idi. Belə söz-söhbətlər dolaşır ki, o vaxtlar xarici klublarda çıxış edən futbolçularımız milli komandanın düşərgəsinə həvəslə gəlmir, yığmaya can yandırmırdılar. Mən belə deməzdim. O vaxtlar mən Azərbaycan çempionatında çıxış edirdim. Legionerlər isə millinin hər oyun öncəsi təlim-məşq toplantısına qatılırdı. Hərə nəyə qadir idisə, ortaya qoyurdu. Heç kəs haqqında demək olmaz ki, özünü qoruyurdu. Məsələn, Fransa ilə qarşılaşmanın ilk yarısında qapıçımız Aleksandr Jidkov zədələndi. Özünü rəqib futbolçunun ayaqları arasına ataraq, dizindən xəsarət aldı. Həmin vaxt İsrail çempionatında çıxış edən Jidkov bir ayadək sıradan çıxdı. Hər oyun öncəsi milli komanda naminə bütün bacarığımızı ortaya qoyacağımıza söz verirdik. Rəqiblər də zəif deyildilər. Fransa millisində sonradan Avropa və dünya çempionu olanlara qarşı çıxış etdik. Uduzduğumuz oyunlar bizə pis təsir edirdi.
“Bizim üçün konsertlər təşkil edirdilər”
Əsasən, cinah müdafiəçisi mövqeyində oynayırdım. O vaxtlar fərqli taktiki sxemlə çıxış edirdik. Həm 3, həm də 4 müdafiəçidən yararlandığımız vaxtlar olub. Amma hər kəs öz işini bilir, öz zonasına cavab verirdi. Daim birgə olduğumuz üçün həm meydança daxilində, həm də kənarda uyğunlaşma yüksək səviyyədə idi. Hərdən uzaqdan yaxşı zərbələrim, hətta qollarım da olurdu. SSRİ çempionatı matçında Ukraynanın “Çernomorets” klubunun qapısından belə bir top keçirdim. Top qapı dirəyinə dəyib yerə düşdü, qol saydılar. Sonradan həmin epizodun videolentini izlədilər, gördülər ki, top həqiqətən də qapıdan keçib. Hərdən keçmiş komanda yoldaşlarımızla görüşür, ötənləri xatırlayırıq. Çoxlu əhvalatlar, oyunlardan epizodlar danışırıq. O vaxtlar doğrudan da maraqlı idi. Bazadan içəri girirdin, içəridə milis işçisi otururdu. Adam qorxurdu. Yəni, o vaxtlar “Neftçi”nin bazası SSRİ-də birincilərdən idi. Hər bir şəraiti vardı. Yüksək səviyyədə təmir olunmuşdu. Baza daxilində konsertlər təşkil olunurdu. “Qaya” qrupu gəlirdi. Tamaşalar təşkil edirdilər, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi xalq artistləri gəlirdi. Çox vaxt təlim-məşq toplantısında olurduq. Səhər bazaya gəlirdik, yalnız axşam çıxırdıq. Elə edirdilər ki, ailə-uşaqlarımızla birgə konsertə tamaşa edirdik. Yəni, bizim üçün yaradılan şərait pis deyildi.
“Günorta yeməyinədək heyətdə idin, günortadan sonra isə ehtiyatda”
Futbolçu karyeram ərzində o qədər haqsızlıqla üzləşmişəm ki... Bəzən fikirləşmişəm ki, günah özümdə olub. Yəni, belə etməsəydim, baş məşqçi məni əsas komandadan çıxarıb əvəzedici heyətə göndərməzdi. Elə də olub ki, əsas heyətdə oynamalı olduğum halda gəlib deyiblər ki, sən oynamayacaqsan, başqası çıxış edəcək. Deməzdim ki, bu hərəkəti sifarişlə edirdilər. Bunu belə izah edərdim: Mən hücumameylli cinah oyunçusu idim. Baş məşqçi isə elə oyun olurdu ki, heyətdə müdafiəyəmeylli cinah oyunçusuna yer verməyi məqsədəuyğun sayırdı. O vaxtlar elə idi ki, günorta yeməyinədək heyətdə idin, günortadan sonra isə ehtiyatda. Belə hallar çox olurdu. Amma məşqçilər bizi incitmirdilər, oyun tələb edirdilər. Necə ki bu gün biz də baş məşqçiyik, futbolçudan oyun tələb edirik. Baş məşqçilərin bu tələbi isə xoşumuza gəlmirdi. Amma indi fikirləşirəm ki, düz ediblər. Onlar bizdən nizam-intizama riayət etməyimizi, var gücümüzlə məşq etməyimizi, səhlənkarlığa yol verməməyimizi istəyirdilər. İrad bildirəndə “Niyə ona bir söz demir, mənə deyir?” deyə düşünürdük. Amma indi fikirləşirəm ki, baş məşqçi hər zaman haqlıdır. O, heç vaxt oyunu uduzmaq istəməz. Komandanın bir həftə ərzində məşqlərdə necə təsir bağışladığını görür. Bəzən olur ki, daim əsas heyətə düşən futbolçu növbəti matçda ehtiyatda qalır. Bunu baş məşqçi ilə oyunçu arasında münaqişənin yaranması ilə əlaqələndirməyə çalışırlar. Mən də futbolçu karyeram boyunca nə etmişəmsə, özümə etmişəm. İndi bunu futbolçularıma da başa salıram.
“Neftçi”də baş məşqçilərin sevimli oyunçuları da oynayıb
Qaldı ki, komandada baş məşqçi üçün sevimli oyunçulara, belələri də olub. Hər zaman bilinib ki, o, oynamalıdır. Amma onun heç oynaya bilmədiyi halda əsas heyətə düşməsi mümkün olmayıb. Sadəcə, baş məşqçi iki eyni səviyyəli futbolçu arasından seçim edərkən, sevimli oyunçusuna üstünlük verib. Mən isə nə sevimli, nə də arzuolunmazlardan idim. Ortabab. Bir oyunu qələbə ilə başa vurmuşduq. Ertəsi gün qəzet aldıq ki, görək, bizdən nə yazıblar? O vaxtlar gəlmə oyunçularımız vardı. Ucaboy idilər. Biz – Vaqif Sadıqov, Əsgər Abdullayev, Mehman Allahverdiyev kimi yerlilər oynamışıq və qalib gəlmişik. Qəzet isə ucaboy futbolçuların ehtiyatda qalmasını irad tutmuşdu. Bunu oxuyan baş məşqçimiz Vyaçeslav Solovyov dedi: “Mən başa düşə bilmirəm. Azərbaycanlı oyunçuları buraxmışam, qalib gəlmisiniz. Sizdən niyə belə yazırlar? Mən Ukraynada, Gürcüstanda, Özbəkistanda da işləmişəm. Orada deyirdilər ki, yerli oyunçuları niyə meydançaya buraxmırsan? Azərbaycanda isə yerli futbolçuları pisləyirlər”.
“Mənimlə Ruslan Abdullayev arasında anlaşmamazlıq olub”
“Neftçi”də olarkən, kollektivin komandanın rəisinə qarşı üsyanının da şahidi olmuşam. Amma baş məşqçidən kütləvi narazılığımız heç vaxt olmayıb. Həmin rəis artıq rəhmətə gedib. Etika xətrinə adını çəkmək istəmirəm. Baş məşqçidən isə heç kimə narazılıq edə bilməzdik. Şəxsən, mənimlə Ruslan Abdullayev arasında anlaşmamazlıq olub. Mən oynamalı olduğum halda, əsas heyətə qoymayıb. Almatıya səfərə gedərkən, “Kayrat”a qarşı əvəzedici heyətdə oynadıb. Çıxıb yaxşı da oynamışam və ertəsi gün məni əsas komanda ilə matçda ehtiyat oyunçular skamyasında saxlayıb. Məni yanına çağırtdırıb. Oturub təkbətək söhbət etmişik. Məni ehtiyatda saxlamasının səbəbini deyib. O, öz iradlarını, mən də öz fikrimi bildirmişəm. Beləliklə, münasibətlərimiz yaxşılaşıb və əsas heyətdə oynamağa başlamışam. Amma o da olub ki, 2-3 oyun çıxış etməmişəm. İndi fikirləşirəm ki, təqsir elə mənim özümdə olub. Nəyə görə mən bəzi həlləm-qəlləm işlərə qarışırdım ki, əsas heyətdəki yerimi itirirdim? Komanda daxilində bəzi söz-söhbətlər olurdu, kimsə gedib baş məşqçiyə çatdırırdı. Kollektivimizdə belə futbolçular da olub. Baş məşqçinin sevimliləri də elə bunlar idilər. Həmin oyunçular nə deyirdilərsə, baş məşqçi də onlara inanırdı. Sən isə bir də görürdün ki, əsas heyətdə yoxsan. Axı, baş məşqçi də səninlə dialoqa girmirdi ki, bu sözü niyə demisən? Ona görə də əsl həqiqəti izah etməyə münasib vaxt lazım gəlirdi. Zamanı yetişəndə çay içə-içə söhbətləşmişik, bir-birimizi başa düşmüşük. Demişəm ki, bu sözü sizə başqa cür çatdırıblar. Dediyimiz sözün başqa cür çatdırıldığını isə baş məşqçinin bizə münasibətindən hiss edirdik. Görürdün ki, baş məşqçinin sənə münasibəti birdən-birə dəyişib. Səhər səninlə normal danışırdı, axşam məşqində isə dəyişirdi.
“Neftçi”də 6 baş məşqçi ilə işlədim”
“Neftçi”də çıxış etdiyim müddətdə 6 baş məşqçi ilə işlədim. Bir il, ilyarım ərzində baş məşqçi dəyişiklikləri baş verirdi. Yenicə gəldiyim vaxt baş məşqçi Kazbek Tuayev idi. Növbəti çempionatın ikinci dövrəsində Ruslan Abdullayevlə əvəzləndi. Abdullayev çempionatı başa vurduqdan sonra yerinə Vyaçeslav Solovyov gəldi. O da 11-cu turdan sonra getdi. Yenə yerinə Abdullayev gəldi. 1987-ci ildən komandaya Aleksandr Sevidov baş məşqçi təyin olundu. O da I dövrənin sonunadək işlədikdən sonra postunu tərk etdi. Ağasəlim Mircavadov gəldi. Mircavadov 1988-ci ilin oktyabrınadək işlədi. Sonra Yuri Kuznetsov gəldi. 1989-cu ilin sentyabrından 1991-ci ilin ikinci dövrəsinədək yenə Abdullayev baş məşqçimiz oldu. Tez-tez baş məşqçi dəyişiklikləri rəhbərliyin qərarı ilə reallaşırdı. Qərarlarının səbəbini bizə açıqlamırdılar. Amma əlbəttə, yaxşı hal deyildi. Komandamız bir oyun uduzan kimi baş məşqçini çıxarırdılar. Bu, futboldur. Udmaq da olar, uduzmaq da. Çempionata bir baş məşqçi ilə başlayırsansa, ona ən azı mövsümün sonunadək işləməyə imkan vermək lazımdır. 1983-cü il çempionatında Kazbek Tuayev “Neftçi”yə mövsümün sonunadək rəhbərlik etdi. Növbəti il rəhmətlik Ruslan Abdullayev gəldi və komandamızı güclülər dəstəsində saxlamağı bacardı. Son turlarda Moskvada “Dinamo” ilə, Daşkənddə isə “Paxtakor”la prinsipial oyunlarımız vardı. Biz o görüşlərdən birini udduq, digərində heç-heçə etdik. Məhz “Paxtakor”la heç-heçədən sonra biz yox, Özbəkistan klubu çempionatı tərk edəsi oldu. Düşünürdük ki, baş məşqçimiz yenə Abdullayev olacaq. Amma yenisini gətirdilər. Lakin Vyaçeslav Solovyov çempionatın ortalarında “Mən burada işləyə bilmirəm” deyərək, istefa ərizəsini yazıb getdi. Yəni, bütün bu dəyişikliklər komanda daxilindəki əhval-ruhiyyəyə təsirsiz ötüşmürdü. Bir baş məşqçiyə yenicə öyrəşdiyin vaxt onu çıxarıb yerinə başqasını qoyurdular. Bax, bu cür çətinliklər olurdu.
“Tez-tez baş məşqçi dəyişiklikləri olmasaydı, “Neftçi” daha yaxşı nəticə göstərərdi”
Aleksandr Sevidovun baş məşqçi təyin olunduğu 1987-ci ildə “Neftçi”yə “Azelektroterm” himayədarlıq edirdi. Almatıda “Kayrat”a 1:3 hesabı ilə uduzduqdan sonra bizi zavoda çağırdılar, böyük iclas keçirdilər və baş məşqçini işdən çıxardılar. Sevidov “Məni niyə işdən çıxarırsınız? Məgər “Neftçi” “Kayrat”ı daim məğlub edib?” deyə narazılıq etdi. Heç bir xeyri olmadı. Hər halda, baş məşqçini “yuxarı”dan dəvət etdikləri kimi, “yuxarı”dan da dəyişirdilər. Məgər bizim fikrimizi öyrənirdilər? Belə neqativ hallar olmasaydı, komandamız daha yaxşı nəticələr göstərə bilərdi. Komandamızda vəziyyət heç də pis deyildi. Yaxşı kollektivimiz vardı. Sadəcə, dediyim söz-söhbətlər, baş məşqçi dəyişiklikləri ilə əlaqədar güc-bəla ilə güclülər dəstəsində qalırdıq. Gah 13-cü olurduq, gah da 14-cü. 1986-cı ildə I dövrədən sonra, səhv etmirəmsə, 2-4-cü yerləri bölüşdürürdük. II dövrə başlayan kimi sanki komandamız dəyişildi. Bunadək səfərdə qalib gəldiyimiz halda indi öz meydançamızda xal itirirdik. Ən yaxşı nəticəmiz 1987-ci ildə oldu: 9-cu yer. Həmin vaxt baş məşqçimiz Ağasəlim Mircavadov idi. Amma növbəti çempionatın gedişində o, Yuri Kuznetsovla əvəzləndi. Bununla da “Neftçi” güclülər dəstəsini tərk etdi. 1989-cu ildə I dəstədə mübarizəyə Mircavadovla başladıq. İlk 2 matçda uğursuz çıxış etsək də, sonrakı 2 səfər qarşılaşmasından qalib ayrıldıq. 5-6-cı turlarda da öz meydançamızda qələbə qazandıq. Komandamızın işləri yaxşı gedirdi. O vaxtlar Azərbaycanda vəziyyət bir qədər sabit deyildi. Bazada təlim-məşq toplantısında idik. Axşam məşqi öncəsi bizə dedilər ki, Orcenikidze “Spartak”ı (indiki Vladiqafqaz “Alaniya”sı – red.) ilə evdə yox, səfərdə oynayacaqsınız. Artıq təyyarə də sifariş olunmuşdu. Axşam saatlarında çarter reysi ilə uçmalı idik. O vaxtlar nəinki mobil, hətta çoxunun evində şəhər telefonu yox idi. Buna görə bizi qısa müddət üçün evə buraxdılar ki, ailəmizi xəbərdar edək. Sənədlərimizi də götürüb gəldik və Vladiqafqaza uçduq. O vaxtkı Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Yuri Məmmədov bizi yığdı, “Gedin oynayın, yaxşı nəticə ilə qayıtsanız, mükafatlandırılacaqsınız” dedi. Getdik və 1:1 hesablı heç-heçə etdik. Bakıya qayıtdıqdan sonra hamımız mükafatlandırılacağımızı fikirləşirdik. Ertəsi gün məşqə gələndə dedilər ki, Ağasəlim Mircavadovu çıxartdılar. İnanmadıq. Bu zaman bir nəfər “Mircavadovun çantasına elə özüm kömək etdim” söylədi. Səbəbi hamıya qaranlıq qaldı. Yəni, bu cür müəmmalar olurdu. Danışmağa da qorxurdun. O vaxtlar bizə növbə ilə avtomobil verirdilər. Vladiqafqaz “Spartak”ı ilə oyundan sonra növbə mənə çatacaqdı. Amma vermədilər. Bilmədim ki, dərdimi kimə deyim. Adamın ağlına yüz cür fikir gəlirdi. Sovet dövrü idi də... Demokratiya yox idi. Kimə nə deyəsən?
“Bakıda “Ararat”a uduzduqdan sonra stadiondan çölə çıxa bilmirdik”
Bazanın yaxınlığında erməni ailələri yaşayırdı. Oyuna getdiyimiz vaxt ermənilərin hamısı evdən çölə çıxıb bizə tamaşa edirdilər. Udub qayıtdığımız zaman isə bir dənə də erməni gözə dəymirdi. Heç biri qorxusundan bayıra çıxmırdı. Bir dəfə “Ararat”ı 89-cu dəqiqədə vurduğumuz qolla məğlub etdik – 1:0. Bunadək Tofiq Bəhramov adına Respublika stadionunun ağzınadək dolu tribunaları qışqırır, hətta bizi söyürdülər. Epizodların birində top auta çıxdı. Onu yan xətdən Mehman Allahverdiyevə ötürdüm. Allahverdiyev isə dabanı ilə topu özümə qaytardı. Mən də rəqibin cərimə meydançasına doğru qaçan İsgəndər Cavadovla Maşallah Əhmədova “asma” verdim. Cavadov çatmasa da, Əhmədov başı ilə topu qapıdan keçirdi. Tribunalara tərəf qaçdıq, “Söyün də, indi niyə söymürsünüz?” dedik. Yəni, azarkeşlər oyunun axırınadək gözləmirdilər. 1984-cü ildə isə Bakıda “Ararat”a 0:2 hesabı ilə uduzduq. Oyundan sonra azarkeşlər görünməmiş qalmaqal törətdilər. Bazanı dövrəyə aldılar. Milis maşınlarını yandırdılar, avtomobillərin şüşələrini sındırmışdılar. Gecə saat 12 idi, biz stadiondan çıxa bilmirdik. Bizi futbolçu formasında milis maşınları ilə bazaya yox, evimizə apardılar. Yadımdadır, evə gətirirdilər, valideynlərimizə təhvil verirdilər, tapşırırdılar ki, bayıra çıxmayın. Bazaya tək gəlməyə qoymurdular. Bizi avtomobillə gətirirdilər. Bir müddət şəhərdə görünmək mümkün deyildi. Hətta məşq vaxtı əsgərlər stadionu dövrəyə alırdılar, kənar şəxsləri buraxmırdılar. Rəhbərlik isə “Ararat”a uduzduğumuz oyundan sonra baş məşqçi Kazbek Tuayevi istefaya göndərdi. Komanda yoldaşımız Səməd Qurbanov soyunub-geyinmə otağındaca futbolla vidalaşdığını açıqladı. Sonrakı bir-iki ay müddətində 4-5, mövsümün sonunadək isə 12 futbolçunu heyətimizdən kənarlaşdırdılar. Bu, ermənilərə Bakıda sonuncu məğlubiyyətimiz oldu. Azərbaycan – Ermənistan münaqişəsi başlayandan sonra isə ermənilərlə neytral meydançada qarşılaşırdıq. İrəvanda isə oyunlarımızda elə də insident olmurdu.
“Neftçi”nin parçalanması belə baş verdi”
SSRİ dağıldıqdan sonra Azərbaycanın müstəqil çempionatı keçirilməyə başladı. Mən isə karyeramı Sumqayıt “Xəzər”ində davam etdirdim. Çempionatı ikinci pillədə başa vurduq. “Neftçi” isə çempion oldu. Sonralar bir ara Bakının “Nicat” komandasında çıxış etdim. Vaqif Sadıqov “Neftçi”yə baş məşqçi dəvət olunduqdan sonra məni də dəvət etdi. Bir müddət oynadım. 1997-ci ildə flaqman iki yerə parçalandıqdan sonra paytaxt “Dinamo”suna keçdim. Parçalanma isə belə baş verdi: Bizim kollektiv oynadı və ölkə çempionu oldu. Klubumuzun prezidenti Aydın İbrahimov idi, vitse-prezident Rasim Rəfiyev isə sponsorluq edirdi. Rəfiyevlə İbrahimov arasında nə baş verdisə, vitse-prezident “Mən bu komandanı götürüb gedirəm” dedi. Bununla da ikinci “Neftçi” yarandı. Rəfiyev futbolçular topladı, baş məşqçi gətirdi. Polşanın “Vidzev” klubu ilə Çempionlar Liqası matçına hazırlaşırdıq. Amma avtobusumuzu stadiona buraxmadılar. Biz də kor-peşman geri qayıtdıq. Oyuna isə ikinci “Neftçi” çıxdı. Heyətimizdə bəzi gənc futbolçular var idi. “Oynamaq istəyirik” deyirdilər. Biz təcrübəli futbolçular da onlardan incimədik. Həmin oyunçular gedib yeni yaradılan “Neftçi”də oynadılar. “Vidzev”lə təkrar görüşə isə məni də çağırdılar. Oynadım, amma həmin matçdan sonra komandada qalmadım və Arif Əsədovla birgə “Dinamo”ya keçdik. Sonra isə Sumqayıtın “Kimyaçı” komandasına yollandıq. Gəncənin “Kəpəz” klubundan da təklif var idi. Getdim, bir həftə Gəncədə oldum. Amma gördüm ki, darıxıram. Nəticədə Bakıya daha yaxın olan Sumqayıtda oynamağa üstünlük verdim. SSRİ çempionatında “Neftçi”nin heyətində çıxış etdiyim vaxt legioner həyatı yaşamağı düşünməmişəm. Çünki futbol oynamağa başladığım vaxtdan ən böyük arzum “Neftçi”yə düşmək idi. SSRİ dağıldıqdan sonra isə 32 yaşım vardı. Gec idi.
“Qol vurduğum matçdan sonra məni oyun satmaqda günahlandırdılar”
“Kimyaçı”da oynadığım vaxt karyeramı başa vurmağımda daxildə olan xoşagəlməz söz-söhbətlərin də təsiri az olmadı. Kənardan xeyli müdaxilə edilirdi. Ad çıxarırdılar: “Bakıdan gələn futbolçular oyunu satdılar”. Mən də deyirdim: “Gəlin, oyunun videokasetinə baxaq, qolu kimin səhvi nəticəsində buraxdığımıza əmin olaq. Niyə Bakıdan gələnlərlə sumqayıtlılar arasında ayrı-seçkilik salırsınız?” Mən qol vurduğum və hesabı 1:1 etdiyim, amma yekunda 1:2 hesabı ilə uduzduğumuz oyunda bizi komandadan çıxardılar. Dedilər ki, bakılı futbolçular oyunu satıblar. Halbuki həmin matçda ikinci qolu da vura bilərdim. Sadəcə, qapıya daxil olmadı. Müdafiəçi mövqeyimi tərk edib qol vurmuşam, məni oyun satmaqda günahlandırırlar. Üzümüzə demirdilər, arxamızca danışırdılar. Bir gün iclas vaxtı “Niyə üzümüzə demirsiniz, arxamızda danışırsınız? Oyun satdığımız vaxt bizi görmüsünüz?” deyə soruşdum. Bir söz demədilər. Yəni, klub rəhbərliyi səviyyəsində bizi oyun satmaqda günahlandırırdılar. Özü də kimə? Tələbələrdən qurulan “Xəzər Universiteti”nə. Belə söz-söhbətləri gördüm, əsəbiləşib futboldan getdim. Qaytarmağa cəhd etdilər, hətta mənə borcları da var idi. Bununla belə, qayıtmadım.
“Bayaqdan zalı süpürürəm”
Futbolçu karyeramı bitirdikdən sonra şirkətlərin keçirdiyi kommersiya turnirlərində oynayırdıq. Bir dəfə qəribə əhvalat baş verdi. Demə, bir komanda bizim uşaqlardan xahiş edib ki, onsuz da siz birinci yeri tutmusunuz, sonuncu turda bizə uduzun, ikinci yeri biz tutaq, o biri komanda tutmasın. Uşaqların əksəriyyəti razılaşır. Yalnız qapıçımızın bu sövdələşmədən xəbəri olmur. Oyun gedir, görürük ki, qapıçımız özünü “öldürür”, qol buraxmamaq üçün əlindən gələni əsirgəmir. Oyundan sonra uşaqlar ondan canfəşanlığının səbəbini soruşurlar. Bu da suala sualla cavab verir: “Niyə oynamırdınız?” Razılaşmadan xəbər tutandan sonra isə “Bəs niyə mənə xəbər vermirdiniz? Bayaqdan zalı süpürürəm” deyə şikayətlənməyə başlayır.
“Qarabağ” Azərbaycan kubokunu “Neftçi”dən satın almaq istəyib
Peşəkar futbolçu karyeram vaxtı isə komandalar arasında gedən sövdələşmələrdən də xəbərim var. Amma onların hamısını açıb danışa bilmərəm. Digər tərəfdən, qapıçı və ya meydan oyunçusu inanılmaz səhv buraxırsa, bunu onun oyunu satması kimi yozmağa da tələsirlər. Halbuki futbolçu da insandır, o da səhv edə bilər. Bir əhvalat danışacağam: 1995-1996-cı il mövsümündə “Neftçi” klubunda çıxış edərkən, artıq Azərbaycan çempionluğunu təmin etmişdik. Eyni zamanda, ölkə kubokunun finalına vəsiqə qazanmışdıq. Həlledici görüşdə rəqibimiz Ağdamın “Qarabağ” komandası idi. Hər iki komanda artıq Avropa kuboklarına vəsiqəni təmin etmişdi. Bununla belə, “Qarabağ” kuboku götürmək istəyirdi. Klubumuzun rəhbərliyi bizə həm çempionluq, həm də kuboku qazanmağımız qarşılığında ayrıca mükafat vəd etmişdi. “Qarabağ” nümayəndələri isə bizimlə “Neftçi”nin köhnə bazasında görüşdü. Dedilər ki, “Neftçi” rəhbərliyinin vəd etdiyi mükafatı biz ödəməyə hazırıq. Təki uduzun, kuboku başımız üzərinə biz qaldıraq. Fikirləşdik ki, sponsorumuzdan bu mükafatı ala bilməyəcəyik. Çempionluq mükafatını versə də, kubokunkunu verməyəcək. Gəldik, məşqçilərimizlə danışdıq. Amma klubumuzun o vaxtkı prezidenti, mərhum Rasim Rəfiyev bunu biləndən sonra bir hay-küy qaldırdı ki... “Siz nə etmisiniz? Məgər mənim pulum pul deyil?” dedi. Hətta AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevə çıxdı. Sonra da bizi yığdı. Dedi ki, əgər oyunu uduzsanız, Yaşar Vahabzadə, Vidadi Rzayev və Yunis Hüseynovun adı futboldan silinəcək. Biz də belə cavab verdik: “Onsuz da bu pulu uşaqların hamısına verməyəcəksiniz. Oynayanlar alacaq, ehtiyatdakılar yox. Biz istəyirik ki, “Qarabağ”ın verdiyi mükafat hamıya çatsın. Məşqçilərimiz də bundan xəbərdardır. İndi ki kuboku da istəyirsiniz, oyundan sonra onu Sizə təqdim edəcəyik. Əvəzində dərhal mükafatımızı verəcəksiniz”. O vaxtlar adambaşı 1500 dollar mükafat danışmışdıq. Rəfiyev şərtimizlə razılaşdı. Beləliklə, oyuna çıxdıq və 3:0 hesabı ilə qalib gəldik. Kuboku da klub prezidentinə təqdim etdik. Ertəsi gün isə səhər tezdən onun ofisinə yollandıq. Rəfiyev bizi görən kimi “Nə olub, səhər tezdən yığışıb gəlmisiniz?” dedi. “Kuboku Sizə verdik, indi bizim mükafatımızı verin” söylədik. Rasim müəllim də mükafatımızı verdi. O vaxtlar indiki kimi maaş-mükafat yox idi. Cəmi 100 dollar maaş alırdıq.
“İki mənzilimiz, iki avtomobilimiz var”
Həyat yoldaşım Esmira Xanım tanınmış həndbolçu olub. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) həndbol kafedrasının müəllimidir. Onunla həndbol yarışlarında tanış olmuşam. Ailə qurduqdan sonra da bir müddət oynadı. Sonra da oyun vaxtı dizindən ciddi xəsarət aldı, əməliyyat olundu, kəsib-doğradılar. Zədələr sağaldıqdan sonra da ağrılar davam etdiyi üçün karyerasını bitirməli oldu. Ümumiyyətlə, biz ailədə 3 qardaş, 3 bacıyıq. Onlardan yalnız mən futbolu seçmişəm. Özümün isə 1 oğlum, 1 qızım var. Oğlum Fuadın 21 yaşı var, əvvəllər futbol oynayırdı. 17 və 19 yaşadək yığmalarımızda, eləcə də “MKT-Araz”, “Neftçi”nin II komandasının heyətində I divizionda çıxış edib. Amma görürdüm ki, Fuadda mən istədiyim kimi futbol alınmır. Bu səbəbdən, ortabab futbolçu olmasını istəmədim. Ona görə də futboldan uzaqlaşdırdım. İstəsəydi, oynaya bilərdi. İstəmədi. Hazırda ADBTİA-da təhsil alır. Qızım hazırda 8-ci sinifdə oxuyur. Onun isə idmana ümumiyyətlə, meyli yoxdur. Özüm isə məşqçilik fəaliyyəti ilə məşğulam. Əvvəllər “Neftçi”də köməkçi-məşqçi, eləcə də 17 və 19 yaşadək yığma komandalarımızda baş məşqçi və ya köməkçi-məşqçi kimi çalışmışam. Hazırda 19 yaşlılardan ibarət millimizin köməkçi-məşqçisiyəm. Hazırkı işimdən isə razıyam. Əlbəttə, bir məşqçi kimi hələ istədiyimə nail olmamışam. Avropa çempionatında elit-raunddan o tərəfə keçməmişik. Amma inanıram ki, hazırda işlədiyimiz yeniyetmə futbolçular təqribən 3 ildən sonra milliyə layiqli oyunçular kimi yetişəcəklər. Maddi vəziyyətimə gəlincə, “Neftçi”nin heyətində SSRİ çempionatında çıxış etdiyim vaxt mənə mənzil vermişdilər. 2002-ci ildə isə mənzil şəraitimizin yaxşılaşdırılması xahişi ilə Milli Olimpiya Komitəsinə müraciət etdik. Sağ olsun, cənab prezident İlham Əliyev bizi yeni mənzillə təmin etdi. Hazırda iki mənzilimiz var. Avtomobili isə SSRİ dövründə ala bilmədim. O vaxtlar məni Azərbaycan SSR Bədən Tərbiyəsi və İdman Komitəsinə çağırdılar. Dedilər ki, gəl, həyat yoldaşına maşın veririk. Esmira xanımın sənədlərini apardım, soruşdum ki, bunu yalnız yoldaşıma, yoxsa ailəmizə verirsiniz? Dedilər ki, sənə də ayrıca maşın verəcəyik. Mən də buna görə razılaşdım. Maşını aldıq. O vaxtlar mən də maşın növbəsinə yazılmışdım. Ona görə yoldaşımın adına olan avtomobili satdıq. Mənim maşın növbəm çatanda isə dedilər ki, vermişik. Həyat yoldaşının adına verilən avtomobil həm də ailəniz üçündür. Beləliklə, mənə çatacaq avtomobili vermədilər. Sonralar öz pulum hesabına avtomobil almışam. Əvvəlcə sovet maşını, sonradan “Mercedes”, indi isə “Hyuindai” markalı “Jeep” sürürəm. Oğlumun da öz avtomobili var. Allah olmayanlara da yetirsin.
Elşən MƏMMƏDOV

1645