Berti Foqts: “Bakıda bütün rəqiblərimizə çətin anlar yaşadacağıq”
11 noyabr 2010 10:32 (UTC +04:00)

Berti Foqts: “Bakıda bütün rəqiblərimizə çətin anlar yaşadacağıq”

Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssis Podqoritsa şəhərində təşkil olunacaq qarşılaşmada nəticənin vacib olduğunu bildirib.

Bununla belə, baş məşqçi gənc futbolçuları da sınaqdan çıxaracağını açıqlayıb. Foqts Çernoqoriya yığmasını oyun üslubu baxımından Avstriyaya bənzədib. Təcrübəli mütəxəssis heyətdəki itkilərdən də danışıb: “Legionerlərimizdən Rəşad Sadıqov zədəlidir. Onun son durumuna dair türkiyəli həkimlərin rəyini gözləyirik. Mahir Şükürov “Anji”nin son matçlarını buraxmalı olub. Çernoqoriya paytaxtında 3 məşqimiz nəzərdə tutulub. Orada Şükürovun hansı formada olduğunu gördükdən sonra yoldaşlıq görüşündə iştirak edib-etməməsinə dair qərar verəcəyəm. Vaqif Cavadov da zədə üzündən hazırda keçirdiyimiz təlim-məşq toplantısına qatılmayıb. Həftəsonu “Bakı”nın heyətində oynasa, yoldaşlıq görüşünə aparacağıq. Branimir Subaşiçi də uzun fasilədən sonra yığmaya çağırmışdıq. Amma “Qəbələ”nin heyətində son oyunda zədələnərək, sıradan çıxıb”.

Bəzi problemlərin olduğunu da vurğulayan Foqts xüsusən, meydançaların yoxluğuna diqqət çəkib. O, eyni stadionda 3 komandanın ev oyununa çıxmasını yaxşı hal saymadığını və problemin həlli üçün AFFA rəhbərliyi ilə görüş keçirəcəyini bildirib. Almaniyalı baş məşqçinin klublarımızdakı həmkarlarının gəncləri ehtiyatda saxlamasına münasibəti də mənfi olub. 64 yaşlı mütəxəssis Araz Abdullayev, Amit Quluzadə və Fərid Quliyevi əsas heyətdə meydançaya buraxmayan “Neftçi”nin baş məşqçisi Arif Əsədovu tənqid edib. Onun fikrincə, əsas heyətə düşə bilməyən yerli futbolçular oyun praktikalarını itirməmək üçün ən azı əvəzedici komandada çıxış edə bilərlər.

Foqts “Qəbələ”də çıxış edən ukraynalı legioner Lyuba Baraninin milliləşdiriləcəyi haqda xəbərlərə isə belə reaksiya verib: “Legionerlər elə səviyyədə olmalıdırlar ki, onları milliləşdirməyi qərara alaq. Məsələn, mən yenicə yığmaya gəldiyim vaxt Fabio Luiş Ramim yaxşı çıxış edirdi. Ona görə də Ramimi yığmaya çağırırdım. Amma indi yerli gənclər onu arxada qoyublar. Əlbəttə, bu, bir tərəfdən məni sevindirir, digər yandan, belə futbolçunun əvvəlki formasından uzaq düşməsinə üzülürəm”.

Yığmamızın gələcək hazırlıq planından danışan baş məşqçi dekabrda Bakıda 4 günlük, 2011-ci ilin yanvarında isə Dubayda 2 həftəlik təlim-məşq toplantısı keçirəcəklərini açıqlayıb. Gələn il keçiriləcək 2012-ci il Avropa çempionatının növbəti seçmə oyunlarına gəldikdə, Foqts Bakıdakı qarşılaşmalarda rəqiblərinə çətin anlar yaşadacaqlarına söz verib.

Qeyd edək ki, Çernoqoriya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar