“İnter”in baş məşqçisi: “Uğur bizdən üz döndərib” - MÜSAHİBƏ
02 noyabr 2010 16:30 (UTC +04:00)

“İnter”in baş məşqçisi: “Uğur bizdən üz döndərib” - MÜSAHİBƏ

Lent.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis klubun rəsmi saytına müsahibəsində daha çox heyətdəki zədə və futbolçuların qol imkanlarından aşağı səviyyədə yararlanmalarından şikayətlənib:

- Ötən tur “Simurq”la oyununuzun keyfiyyətindən razı qaldınız?

- Komandaların səviyyələri arasında böyük fərq var - bunu oyundan görmək olardı. Biz oyuna nəzarət edə bildik. Oyunun təşkilindən razıyam. Bu gün oyunu araşdırdım və komandamızın yaratdığı düz 10 qol vəziyyətini sadaladım. Buna baxmayaraq, oyun 1:0 hesabıyla başa çatdı. Əlbəttə ki, bundan razı qalmadım. Mənim hücum planında oynayan oyunçulara böyük iradım var. Bununla bağlı mütləq danışacağıq və bu məsələ üzərində işləyəcəyik. AZAL ilə uğursuz oyun istisna olmaqla, keçirdiyimiz 10 qarşılaşmada cəmi 3 qol buraxmışıq. Bu, komandamızın gücündən və etibarlı müdafiəsindən xəbər verir. Özü də əsas futbolçuların zədələnmələri üzündən tez-tez yerdəyişmələrə əl atdığımız halda belə nəticəyə nail olmuşuq. Amma hücumda hər şey heç də yaxşı deyil. 11 oyunda cəmi 9 qol vurmuşuq.

- Qol imkanlarından belə aşağı səviyyədə yararlanmağınızı nə ilə əlaqələndirirsiniz?

- Bilmirəm. Hər şeydən əlavə burada həm bəxt, həm də uğur faktorları mövcuddur. “Simurq”la qarşılaşmada top inadla qapıdan keçmirdi. Burada söhbət heç də futbolçuların səviyyəsindən getmir, səviyyə ilə bağlı onlara iradım yoxdur. Onların hamısı kifayət qədər usta futbolçulardır, sadəcə, uğur bizdən üz döndərib.

- Bəs, zədələrlə bağlı vəziyyət necədir?

- Son zamanlar bu problem bizi bərk narahat edir. Özü də onlar sadə əzələ zədələri deyil, bununla bağlı şikayətimiz yoxdur. Çox hallarda zədələr baldırla pəncəni birləşdirən hissələrdə baş verir. Bu, bizi çox narahat edir. Biz komandaya çox yaxşı öyrəşən və nə istədiyimi tez anlayan qiymətli oyunçu Filip Despotovskini itirdik.

- Çempionatın birinci dövrəsi başa çatdı. Nəticələri necə qiymətləndirirsiniz?

- Səmimi deyəcəm, “Gəncə” və “AZAL” oyunlarda məğlubiyyət bizim üçün tamamilə gözlənilməz oldu. Bundan başqa, etiraf etməyə bilmərəm ki, “Neftçi” bizi bütün hallarda üstələdi. Ümumilikdə sadaladığım problemləri, yəni ilk növbədə zədələri və qol vəziyyətlərindən aşağı səviyyədə yararlanmağımızı nəzərə almasaq, birinci dövr heç də pis alınmadı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar