Arif Əsədov: “Paulis Qribauskasın oyununda geriləmə var idi”
02 noyabr 2010 16:00 (UTC +04:00)

Arif Əsədov: “Paulis Qribauskasın oyununda geriləmə var idi”

Futbol üzrə Unibank Premyer Liqasında keçirdiyi son 2 turda “Neftçi”nin litvalı qapıçısı Paulis Qribauskasın əsas heyətdə meydançaya çıxmamasının səbəbi müəyyənləşib. Bu haqda Lent.az-a flaqmanın baş məşqçisi Arif Əsədov məlumat verib.

Onun sözlərinə görə, Qribauskas “Xəzər Lənkəran” və “Turan”la qarşılaşmalarda bir sıra səhvlərə yol verdiyi üçün ehtiyatda qalıb. Əsədov əcnəbi qolkiperin yanlışlıqlarını Litva milli komandasının düşərgəsindən yorğun qayıtması ilə əlaqələndirib. 40 yaşlı mütəxəssisin fikrincə, digər qapıçı Rauf Mehdiyev ona verilən şansdan layiqincə yararlanıb: “Həm Qribauskas, həm də Mehdiyevi bərabər səviyyəli qapıçılar hesab edirik. Sadəcə, son oyunlarda Litva yığmasının düşərgəsindən yorğun halda qayıtması ilə əlaqədar Qribauskasın çıxışında bir qədər geriləmə oldu. Bu, həm “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzduğumuz, həm də “Turan”la 2:2 hesablı heç-heçə etdiyimiz matçlara aiddir. Bundan sonra Mehdiyevi start heyətdə meydançaya buraxdıq və o da özünü yaxşı tərəfdən göstərdi. Amma bu, o demək deyil ki, Qribauskas bir daha əsas heyətə dönməyəcək. Ola bilər ki, artıq “İnter”lə növbəti görüşümüzdə onu ilk “11-lik”də görək. Yekun qərar isə qarşılaşmaya bir gün qalmış veriləcək”.

Mehdiyev XI turda “Bakı” ilə qarşılaşmanın 77-ci dəqiqəsində dizindən xəsarət alaraq, yerini Qribauskasa buraxmalı olub. Amma onun zədəsinin ciddi olmadığı üzə çıxıb. Əsədov bildirib ki, artıq “Neftçi”nin 70-80 faiz optimal heyəti müəyyənləşib. Komandanın start heyətindəki futbolçuların çıxışlarında stabillik nəzərə çarpır.

Baş məşqçi flaqmanın XII turda “İnter”lə keçirəcəyi oyun haqda da danışıb: “Bizim üçün asan oyun yoxdur. Çünki hamı “Neftçi”yə qarşı əlavə motivasiya ilə çıxır. Amma biz də hər matça qələbə üçün çıxırıq”.

Gənc mütəxəssis köməkçisi, seleksiyaçı-məşqçi Bəxtiyar Musayevin 5 oyunluq cəzalandırılmasını normal qarşılamasa da, bu itkinin komandanın oyununa mənfi təsir göstərməyəcəyi qənaətindədir. Əksinə, Əsədov Musayevin tribunada olarkən, meydançadakı futbolçuların necə təsir bağışladıqlarını daha yaxşı görə biləcəyini vurğulayıb.

Qeyd edək ki, “Neftçi” “İnter”i noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda sınağa çəkəcək.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar