“Xəzər Lənkəran” serialı başa çatdı
20 oktyabr 2010 14:05 (UTC +04:00)

“Xəzər Lənkəran” serialı başa çatdı

Lent.az-ın məlumatına görə, Lənkəran komandası cari mövsümün arxada qalan 10 oyununda (2-si Avroliqa, 8-i çempionat) heç kimə uduzmayıb.

“Xəzər Lənkəran” sonuncu dəfə ötən mövsüm yenilib. Azərbaycan Kubokunun finalına təsadüf edən matçın əlavə vaxtında cənub komandası “Bakı”ya yenilib – 1:2. Lakin məhz əlavə vaxtda uduzduğunu nəzərə alsaq, Lənkəran təmsilçisi görüşün 90 dəqiqəsini məğlubiyyətsiz tamamlayıb. “Xəzər Lənkəran”ın əsas vaxtda uduzduğu sonuncu oyun isə mayın 15-də “Bakı” ilə Unibank Premyer Liqası matçına (0:1) təsadüf edib. “Ağ-yaşıllar” düz 155 gün heç kimin qələbəsinə imkan verməyib. “Gəncə” ilə qarşılaşmada 22 həftədən artıq sürən seriya sona çatıb.

Baş məşqçi Mirça Rednik isə “Xəzər Lənkəran”da ilk məğlubiyyətə düçar olub. O, debütündən sonrakı 9-cu matçda məğlubiyyət acısı dadıb. Lənkəran komandası sonuncu dəfə sabiq baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında uduzub.

Gəncədəki məğlubiyyət həm də böyük hesablı olması ilə yadda qalıb. Bu 7-ci mövsümdür ki, Unibank Premyer Liqasında çıxış edən “Xəzər Lənkəran”ın ölkə çempionatlarında ilk belə yenilgisidir. “Ağ-yaşıllar” indiyədək çempionatda heç kimə 2-dən artıq top fərqi ilə uduzmamışdılar. Bu göstəricidə Lənkəran komandası mütləq Azərbaycan rekordçusu idi. Yəni 1992-ci ildən bəri güclülər dəstəsində çıxış etmiş bütün komandalar böyük hesabla uduzsa da, “Xəzər Lənkəran” yeganə istisna idi. Lakin artıq bu istisna da yoxdur.

Qeyd edək ki, “Xəzər Lənkəran” yarandığı gündən yalnız 2 rəsmi matçda 3 və ya daha artıq top fərqi ilə uduzub. Bunların biri ölkə kubokuna (2005/06 mövsümündə “Karvan”a 0:3) digəri isə UEFA kubokuna (2008/09 mövsümün Polşada “Lex”ə 1:4) təsadüf edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732

Oxşar yazılar