Cüzeppe Rossi - kalçonun “qızıl oğlan”ı
25 mart 2009 11:00 (UTC +04:00)

Cüzeppe Rossi - kalçonun “qızıl oğlan”ı

Onun ən böyük arzusu dünya çempionatının final matçında qol vurmaqdır


Tarixən bir çoxlarının "xoşbəxt həyat" amalı ilə yön aldıqları Amerika Birləşmiş Ştatları müxtəlif xalqların nümayəndələrinin assimilyasiyasına və nəticədə özgəninkiləşməsinə səbəb olsa da, sözügedən tendensiya italyanlara münasibətdə əsasən keçərli deyil. Spesifik həyat fəlsəfələri, yaşam tərzləri, ənənələrini qoruyan apenninlilər qloballaşmanın intensiv təsiri altında olan "Yeni qitə"də də unikallıqlarını saxlaya bilirlər. Nyu-Cersidə dünyaya gələn Cüzeppe Rossi üçün də yuxarıda qeyd edilənlər istisna deyil. Vaxtında ABŞ millisində çıxış etmək təklifi alan gənc istedad "özümü "Squadra Azzurra"nın formasını geyinərək İtaliyanın himnini oxumaq qürurundan məhrum edə bilmərəm" deməklə doğulduğu ölkənin təklifini "yox" deyərək cavablandırmışdı.

“Genezis” və futbol ehtirası

Kalçoya olan sonsuz məhəbbətinə baxmayaraq, Cüzeppe futbolçu olmaq qərarına qəti şəkildə yalnız 13 yaşında gəlib. O zaman ABŞ-da yaşayan və yerli komandaların birində oynamaqla futbol ehtirasını təmin etməyə çalışan Rossi həm də kompüter texnologiyaları ilə yaxından maraqlanırdı. Belə bir şəraitdə "Parma" akademiyasından dəvət alan vunderkind maraq göstərdiyi iki sahədən birinin üzərində dayanmalı olur və gələcəkdə yer alacağı peşə sahəsi kimi futbolu seçir. Cüzeppe həyatının dönüm nöqtəsi olan anı belə şərh edir: "Doğma ölkəmin futbol akademiyalarından birinin mənimlə maraqlanması çox həyəcanlandırıcı idi. Təklifə müsbət cavab verməyimdə futbola olan sevgimlə yanaşı, tarixi vətənə qayıtmaq, İtaliyaya xidmət etmək imkanının yaranması böyük rol oynadı. Sonuncu amil seçimimi qətiləşdirdi".

Ən vacib qol

Uşaqlıqdan "Milan"ın fanatı olan Rossinin futbolçu kimi formalaşmasında "Parma" akademiyasında keçirdiyi 4 il böyük rol oynayır. İlk vaxtlardan mükəmməl texnika, driblinq, meydançanı görmə qabiliyyəti, dəqiq ötürmələri ilə seçilən Cüzeppe tədricən ölkənin ən ümidverici gənclərindən birinə çevrilir. Dostları tərəfindən "Amerika" ləqəbi verilən vunderkind 16 yaşında "Parma"nın gənc komandası ilə "Squadra Azzurra" arasında keçirilən və ikincilərin 12:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında Toldonun qapısına 2 dəfə yol tapmaqla bütün İtaliyanın diqqətini özünə cəlb edir. Həmin olaydan təsirlənən bir çox futbol nəhənglərinin skaut xidmətinin aparıcı şəxsləri Cüzeppeni İtaliyanın gələcəyi adlandırdılar. Futbolçunun özü isə sonralar matçda vurduğu 2 qolu karyerasının ən vacib hadisəsi kimi dəyərləndirir.

Ser Aleksin nəzarətində

2004-cü ildə "Mançester Yunayted"in baş məşqçisi Fergüssenin diqqətini cəlb edən Rossini maddi sıxıntı içərisində olan "Parma" rəhbərliyi ingilislərə satmaq məcburiyyətində qalır. İlk mövsüm "qırmızı şeytanlar"ın gənc komandasında çıxış edən hücumçu dörd titul qazanmaqla yanaşı İngiltərə kubokunun finalında het-trikə imza atır. Növbəti il əvəzedicilərdə 30 qol vuran hücumçu tədricən Fergüssen tərəfindən əsas heyətə cəlb edilməyə başlayır. Hər iki ayağı işlək və fenomenal texnikaya sahib olan Rossi fiziki göstəriciləri ilə (173 sm boy, 73 kq çəki) öyünə bilməməsi faktını fizioterapevtlərlə intensiv işləməklə kompensasiya etməyə çalışırdı. Nəticədə, britaniyalıların sərt futbol üslubuna adaptasiya prosesində irəliləyişə nail olan Cüzeppe “Premyer-liqa”dakı debütündə "Stadium Of Layt"da rəqib qapıçını məyus edir. Komandanın start heyətində yer aldığı ilk matçda isə "Barnet" üzərində əldə edilən 4:2 hesablı qələbədə vurduğu qolla yadda qalır. Aldığı zədələr, eləcə də Apennindən uzaqlaşması nəticəsində İtaliyanın gənc millisinə çağırılmaması Rossinin uzun müddət İngiltərədə qalmasına imkan vermir. Nəticədə qısa müddətli "Nyukasl" dönəmindən sonra "Mançester Yunayted" hücumçunun razılığı əsasında onu "Parma"ya icarəyə verir. Elə həmin vaxt gənc istedad daha bir seçim qarşısında qalır. O zaman DÇ-2006-ya yollanan ABŞ-ın baş məşqçisi Brus Arena hücumçunun İtaliya yığmasına cəlb edilməməsindən istifadə edərək təklif göndərmişdi. 13 il Amerikada olmasına (yaşamasına) baxmayaraq, İtaliyada çıxış etməyi xəyal edən Rossi bu təklifi etinasız qarşılayaraq, “qan” prinsipinə sadiqliyini bir daha nümayiş etdirir.

Yenidən Apennində

İtaliyaya qayıdış Rossinin karyerasında yeni yüksəlişlə müşahidə edildi. "Parma"da 19 oyuna 9 qol vuran futbolçu komandanın "A" Seriyasında qalmasında böyük rol oynamaqla yanaşı, İtaliya gənclər yığmasında da uğurlu oyunu ilə seçilə bildi. Pyerluici Kaziragi tərəfindən hücum xəttinin lideri sayılan Cüzeppe belə bir şəraitdə "Villareal"ın diqqətini cəlb edir. Nəticədə "Mançester Yunayted"lə aparılan danışıqlar nəticəsində ispanlar italyan oyunçunun transfer hüququnu ingilislərdən alırlar.

İspaniyada İtaliya üçün

2 il əvvəl 7 milyon funt sterlinqə "Villareal"a transfer olunan Rossi İspaniyada 2007/08 mövsümünün tapıntısı kimi qəbul olunub. ”Primera”nın ən sərrast oyunçuları sırasında yer alan Cüzeppe "sarılar"ın heyətində keçirdiyi ilk bir ili belə şərh edir: "İspaniya çempionatında oynamaq maraqlıdır. Burada oyun stili texnikalı və sürətli olduğu üçün özümü rahat hiss edirəm. Qazandığım təcrübə ilə yığmaya faydalı ola bilərəm. Digər tərəfdən, nə vaxtsa İtaliya klublarına qayıtdıqdan sonra İspaniyada yığdığım praktika əhəmiyyəti olacaq. İnanıram ki, vətəndən kənarda çıxış etməyim əsas millidən uzaq düşməyimə şərait yaratmayacaq".

2008/09 mövsümü də Rossinin potensialının yeni tərəflərinin açılması, onun liderlik keyfiyyətlərinin inkişafı kontekstində müsbət məcrada davam etməkdədi. “Primera” və ÇL-da inamlı oyunu ilə yadda qalan gənc italyanın komandadakı avtoritetinin ən mühüm göstəricilərindən biri ştatlı penaltist statusuna yiyələnməsidir. Onbirmetrlikləri soyuqqanlı tərzdə, daha çox texnika və dəqiqliliyə arxalanmaqla yerinə yetirən Cüzeppe “Villareal”ın ÇL-dakı mümkün “Arsenal” sensasiyasının baş səbəbkarı kimi göstərilir.

İspaniyadakı uğurlu futbol həyatına baxmayaraq, Rossinin yaxın bir neçə ildə Apenninə qayıtma ehtimalı real görünür. Yerli mətbuatın yazdığına görə, gəncin pərəstişkarlarından olan "İnter"in prezidenti Moratti futbolçunu klubunda görməyi arzulayır. “Yuventus” da Cüzeppeyə biganə deyil. “Byankonerlər”in rəhbərliyinin gənc futbolçunu Del Pyeronun mümkün alternativlərindən biri kimi nəzərdən keçirməsi diqqət çəkən məqamlardandır.

Kalçonun “qızıl oğlan”ı

“Squadra Azzurra”nın uğursuz EURO-2008 voyajından sonra yenidən millinin başına gətirilən Marçello Lippi də qəhrəmanımızın istedadını etiraf edənlər sırasındadı. Hələ Rossi “mankunianlar”ın heyətində olduğu dönəmdə onun barəsində mətbuata pozitiv məzmunlu açıqlamalar verən “allenatore” mundialın seçmə kompaniyası, eləcə də fevral ayında Braziliya ilə keçirilən yoldaşlıq qarşıdurmasında Rossinin xidmətlərindən istifadə etməyi lazım bilib. Elə qarşıdan gələn Çernoqoriya və İrlandiya matçlarında da gənc istedadı İtaliyanın heyətində görmək imkanımız olacaq. Cüzeppenin “Squadra Azzurra”nın yeni formatındakı mövqeyinin fundamentallığı onun vaxtilə Roberto Baccio, Alessandro Del Piero, Françesko Totti kimi futbolçuların yiyələndikləri “qızıl oğlan” ünvanına potensial namizədlərdən olmasıdır. Bu qeyri-rəsmi titul bombardirlik və dispetçer keyfiyyətlərini daşıyan, komandanın liderliyini öz-üzərinə götürə bilən “10” nömrələrə ( sırf sözügedən futbolka elə də prinsipial deyil, əsas meydançada görülən işin həmin nömrəyə uyğun gəlməsidir) verilir. Rossinin xarakteristikası qeyd edilən yüksək adın qazanılmasına şərait yarada bilər. Bunun üçün qarşıdan gələn seçmə mərhələ oyunları daxil olmaqla tiffozinin tarixi yaddaşına daxil olmağa cəhd etmək lazımdır. İtaliyalı azarkeşlər Cüzeppeni əbədiləşdirməyə əsas verən triumfların gözləntisindədir.


Paola kimi

Bir çoxları Rossinin futbol istedadının parlamasında hücumçunun məşhur soyadının özündə ifadə etdiyi tarixi ənənələrin rol oynadığını bildirməklə, hadisələri qeyri-adi üslubda izah etməyə çalışırlar. Olayların mistifikasiyası rasional yanaşma tərzi ilə uyğunluq təşkil etməsə də, etiraf etmək lazımdır ki, haqqında danışılan soyad kalço tarixinin bir çox triumfatorlarına da aiddir. Bu baxımdan 90-cı illərin əvvəlləri "Milan"ın qapısını qoruyan Sebastiano Rossi, Danielo de Rossi (romalı oyunçunun soyadı nisbətən fərqli olsa da, kök etibarı ilə eynidir) qeyd edilə bilərlər. "Villareal"lıdan 3 yaş kiçik olan "Yuve"li Fausto Rossini də unutmaq lazım deyil. Haqqında danışılan soyadın ən məşhur daşıyıcısı isə Cüzeppenin kumirlərindən olan əfsanəvi Paola Rossidir.

Gələn il keçiriləcək “forum”da ölkəsinin birinci yeri tutacağına inandığını bildirən Cüzeppenin ən böyük arzusu dünya çempionatının final matçında qol vurmaqla "Squadra Azzurra"ya mundialın qızıl medallarını qazandırmaqdır: "Hədəflər çox ola bilər. Ən yüksək yerdə isə dünya birinciliyini əldə etmək dayanır. Dahi Paolo Rossi kimi DÇ-nın finalında rəqibin qapısından qol keçirməklə İtaliyanın zirvədə qərarlaşmasına yardımçı olmaq həyatda ən böyük arzumdur”.

Orxan Amaşov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1694

Oxşar yazılar