“Bakıda futbol matçı qurtaran kimi tıxac yaranır”
01 oktyabr 2012 18:02 (UTC +04:00)

“Bakıda futbol matçı qurtaran kimi tıxac yaranır”

Gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) Bakıda keçirilən “Gənc Jurnalistlər Proqramı” iştirakçıları ilə görüşüb. Lent.az-ın məlumatına görə, nazir əvvəlcə idman mətbuatının əhəmiyyətindən və rolundan danışıb.

Ölkəmizdə idmanın hazırkı vəziyyətinə toxunan Rəhimov bu istiqamətdə görülən işləri sadalayıb. O, son 20 il ərzində idmana 1 milyard dollardan çox sərmayə qoyulduğunu bildirib. Nazir ölkəmizdə 35 olimpiya kompleksinin tikildiyini, müxtəlif növlər üzrə dünya və Avropa çempionatları, olimpiya təsnifat turnirlərinin təşkil olunduğunu xatırladıb. Rəhimov hazırda futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatının keçirildiyini də diqqətə çatdırıb.

Nazir Bakı şəhərinin 2016 və 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürdüyünü, lakin paytaxtımızın “qısa siyahı”ya düşmədiyini bildirib. Bununla belə, Rəhimov 2016-cı il Şahmat Olimpiadasının Bakıda təşkil olunacağını açıqlayıb. O, Azərbaycanın 2017-ci il İslam Həmrəylik Oyunlarına, futbol üzrə 2020-ci il Avropa çempionatına və ilk dəfə təşkili gözlənilən Avropa Oyunlarına namizədliyini irəli sürdüyünü söyləyib. Nazir ölkəmizin dünyada tanıdılması məqsədilə belə tədbirlərin təşkilini vacib sayıb: “Əvvəllər xarici ölkələrdə Azərbaycan adını çəkəndə tanımırdılar. Gərək ölkəmizin hansı ərazidə yerləşdiyini də söyləyəydik. Amma son zamanlar keçirdiyimiz müxtəlif nüfuzlu yarışlar, “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi və 17 yaşadək futbol üzrə dünya çempionatından sonra dünyada elə adam tapılmaz ki, ölkəmizi tanımasın. Ona görə də daha çox beynəlxalq tədbir keçirmək istəyirik və bunlardan bəzilərinə nail ola bilmişik”.

Rəhimov Azərbaycanda ayrı-ayrı növlər üzrə də idman qurğularının tikildiyini və regionlarda da idmanın kütləviliyi istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. O, Bakıda Yay Olimpiya Oyunlarının təşkilinin mümkünlüyünü də vurğulayıb: “2012-ci il London Yay Olimpiya Oyunlarında eyni vaxtda bir neçə idman növü üzrə yarışlar bir idman qurğusunda – Sərgi Mərkəzində keçirilirdi. Xeyli tamaşaçı vardı. Amma yarış qurtardıqdan sonra hamı elə dağılırdı ki, heç bir sıxlıq müşahidə olunmurdu. Biz isə Bakıda futbol matçı keçiririk, oyun qurtaran kimi küçədə tıxac yaranır. Etiraf edim ki, namizədliyimizi verdiyimiz olimpiadalar uğrunda mübarizədə növbəti mərhələyə keçə bilməməyimizin bir səbəbi də bu oldu”.

Ölkəmizdəki 84 federasiyanın dövlət və sponsorlar tərəfindən maliyyələşdirildiyini deyən nazir daha çox 15 idman növünün populyar olduğunu bildirib. Onun sözlərinə görə, belə federasiyalardan 13-ü olimpiya, 2-si qeyri-olimpiya təmayüllüdür.

Xarici jurnalistlərdən biri “Azərbaycanda ərəb ölkələrindəki kimi, neft pulları sayəsində xarici klub almağı düşünmürlər?” sualı ilə də müraciət edib. Rəhimov klub futbolunun Dövlət Neft Şirkəti və Dövlət Neft Fonduna aidiyyatının olmadığını söyləyib: “Azərbaycanda klub futbolu müxtəlif şirkətlərə məxsusdur. Dövlət Neft Fondunun hesabında 30 milyard dollardan artıq vəsait var. Onlar hər hansı klub və ya oyunçu almağa sərf oluna bilməz. Bu pullar ölkəmizin gələcəyi üçün nəzərdə tutulub. Mənim əsas istəyim milli komandamızın yaxşı çıxışıdır. Xarici klubların və ya ulduzların alınmasındansa, yığmamızın inkişafı vacibdir. Neftdən gələn vəsaiti isə müxtəlif ehtiyaclara sərf edirik. Bu vəsaitlə Bakıda 65 min nəfərlik olimpiya stadionu tikirik”.

AİPS rəhbərliyi isə Azərbaycanda yaradılan şəraitə görə Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyinə minnətdarlıq edib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049

Oxşar yazılar