“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger açıqlama verib.
Lent.az-ın məlumatına görə, Çempionlar Liqasında “Bavariya”nın səfərdə “Çelsi”ni 3:0 hesabı ilə məğlub etdiyi oyuna toxunan fransalı çalışdırıcı maraqlı fikirlər səsləndirib.
Venger bu görüşdə dubl edən, vaxtilə “topçular”ın futbolçusu olmuş Serj Qnabri barədə danışıb: “Onu “Arsenal” yetişdirdi. Buna baxmayaraq, ilk vaxtlarda hərtərəfli oyunçu deyildi. Bu səbəbdən Qnabrini “Vest Bromviç”ə icarəyə göndərdim. Bunun Serjə köməyi dəymədi. “Verder”də özünü göstərəndən sonra isə “Arsenal”a qayıdacağı ilə bağlı razılaşmışdıq. Ancaq həmin vaxt “Bavariya” meydana çıxaraq Serji bizdən oğurladı. Buna mane ola bilmədik”.
Qeyd edək ki, Serj Qnabri “Bavariya”nın heyətində cari mövsümdə ümumilikdə 30 oyun keçirib və 17 qola imza atıb.