Niyə quşlar hər səhər oxuyur?  - Maraqlı ARAŞDIRMA
12 noyabr 2025 16:30 (UTC +04:00)

Niyə quşlar hər səhər oxuyur? - Maraqlı ARAŞDIRMA

0

Dünyanın müxtəlif yerlərində quşların səhər tezdən günəş doğan kimi ən fəal şəkildə oxumağa başlaması uzun zamandır müşahidə olunur. Lakin bu davranışın səbəbləri hələ də tam aydın deyil.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni bir tədqiqatda alimlər əsirlikdə yetişdirilmiş zebra amadinalarını (Taeniopygia guttata) müşahidə edərək bu sirri araşdırıblar.

Təcrübələr göstərib ki, parlaq işıq altında zebra amadinalarının erkəkləri yüzlərlə səs kombinasiyasını sərbəst şəkildə ifa edir, lakin tam qaranlıqda tamamilə susurlar. Bu müşahidə alimləri gündüz və gecə dövrlərinin quşların səhər vokal aktivliyinə təsirini öyrənməyə vadar edib.

Araşdırma zamanı mütəxəssislər “sübhü üç saat gecikdirərək” işığın açılmasını süni şəkildə təxirə salıblar. Nəticədə məlum olub ki, belə şəraitdə quşların oxumağa meyli daha da artır və onlar təbii günəş doğuşuna nisbətən bir qədər tez mahnı ifa etməyə başlayırlar.

Maraqlıdır ki, uzun sürən qaranlıq onlara əlavə istirahət vermir. Quşlar adəti üzrə oyanır, hərəkət edir, lakin işıq görünənə qədər “özlərini saxlayırlar”.

Alimlər daha sonra quşlara işığı özlərinin yandıra biləcəyi mexanizm təqdim ediblər. İşıq açıldıqda 19 saniyə yanırdı. Süni şəkildə gecikdirilən “sübh” zamanı amadinaların bu açarı daha tez-tez istifadə etdiyi müşahidə olunub. Bu, onların işığı səbirsizliklə gözlədiklərini bir daha təsdiqləyib.

Tədqiqatın aparıcı müəllifi, Koreya Beyin araşdırmaları institutundan bioloq Edney Barros do Santos bildirib ki, quşlar əslində günəş çıxmamışdan xeyli əvvəl oyanır və bu, melatonin səviyyəsi ilə əlaqədar hormonal tənzimləmə nəticəsində baş verir. Onlarda oxuma istəyi artmaqla yanaşı, işığın olmaması bu davranışı tormozlayır və quşlar işıq görünənə qədər səslərini saxlayırlar.

Mütəxəssislər hesab edirlər ki, səhər tezdən quşların fəal oxuması onların sanki “səs məşqi” funksiyasını yerinə yetirir. Bu proses səs aparatını “isidir”, vokal keyfiyyətini bərpa edir və gün ərzində partnyor cəlb etmək şansını artırır.

Alimlər həmçinin qeyd edirlər ki, səhər mahnılarının gücü və melodikliyi çox güman ki, quşların günəş doğmazdan əvvəl keçirdiyi daxili hazırlıq prosesinin nəticəsidir.

Xatırladaq ki, daha əvvəl ABŞ-dakı ornitoloqlar iqlim dəyişikliyi səbəbindən quşların ənənəvi miqrasiya marşrutlarının dəyişdiyini müşahidə ediblər. İstiləşmə onların adi qışlama bölgələrinə təsir göstərərək köç yollarını pozur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar