İnsandan daha böyük  - tarixin ən böyük şirin su tısbağası  haqqında nə məlumdur?
19 yanvar 2026 15:52 (UTC +04:00)

İnsandan daha böyük - tarixin ən böyük şirin su tısbağası haqqında nə məlumdur?

0

Cənubi Amerikanın miozen dövründə, təxminən 13–5 milyon il əvvəl Yer tarixinin ən böyük şirin su tısbağası yaşayıb. Söhbət insan boyundan böyük pançırı olan Stupendemys geographicus növündən gedir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki,  Ratgers Universitetinin amerikalı təkamül bioloqu Skott Treversin sözlərinə görə, 2020-ci ildə "Science Advances" jurnalında dərc olunan araşdırmada bu nəsli kəsilmiş tısbağanın yaxşı qorunmuş kəllə sümüyü və alt çənəsi ilk dəfə ətraflı şəkildə təsvir olunub.

Qeyd edilir ki, XX əsrin böyük bir hissəsində Stupendemys daha çox paleontoloji “əfsanə” kimi tanınırdı. Onun haqqında məlumatlar əsasən pançırın iri qalıqları və tək-tək sümüklərə əsaslanırdı. Lakin adı çəkilən araşdırma bu təsəvvürləri kökündən dəyişib və bu nəhəng canlı haqqında daha dəqiq bilgilər ortaya qoyub.

Venesuela və Kolumbiyada tapılan fosillər göstərir ki, Stupendemys bir vaxtlar həmin əraziləri əhatə edən geniş şirin su sistemlərində yaşayırdı. Bu bölgə o dövrdə su həyatının çox zəngin olduğu bir dünya idi: nəhəng timsahlar, iri balıqlar və müasir növlərə bənzəməyən müxtəlif tısbağalar eyni mühitdə mövcud olub.

Araşdırmalara görə, Stupendemys öz dövründə ölçülərinə görə heyrətamiz idi. İndiyədək tapılmış ən böyük pançırın (karapaksın) uzunluğu təxminən 2,4 metrdir və bədən kütləsinin 1 tondan artıq olduğu qiymətləndirilir. Bu isə onu tarixdə məlum olan ən böyük şirin su tısbağası və ümumilikdə ən ağır tısbağa edir.

Treversin bildirdiyinə görə, 2020-ci il tədqiqatı bu canlı barədə daha bir mühüm anatomik detalı da üzə çıxarıb: Stupendemysin kəllə və alt çənəsində iti kəsici kənarlar yox, daha çox qidanı əzməyə uyğun geniş və güclü səthlər olub. Bu da onun ehtimal ki, geniş və müxtəlif qidalanma rejiminə sahib olduğunu göstərir. Alim hesab edir ki, o, müasir yenot və siçanlar kimi hərtərəfli qidalanan canlılara bənzər şəkildə müxtəlif mühitlərdən müxtəlif qidalarla qidalana bilib.

Stupendemysin ən maraqlı xüsusiyyətlərindən biri isə pançırının üzərindəki bəzəklərdir. Xüsusilə bəzi fərdlərdə pançırın ön hissəsindən çıxan iri buynuzabənzər çıxıntılar aşkar edilib.

Trevers yazır ki, bu buynuzların hamıda olmaması cinsi dimorfizmə işarə edir: ehtimal ki, buynuzlar erkəklərdə olub və döyüş və ya nümayiş məqsədi daşıyıb. Əgər belədirsə, Stupendemysin gündəlik həyatı dayaz sularda “zirehli nəhənglər” arasında partnyor uğrunda ritual döyüşlərlə müşayiət oluna bilərdi.

Alim əlavə edir ki, qorxulu ölçülərinə baxmayaraq, Stupendemys çox aqressiv canlı olmaya bilərdi. Bir çox iri ot yeyən və ya hərtərəfli qidalanan heyvanlarda olduğu kimi, əsas müdafiə vasitəsi elə ölçüsünün özü idi. Yetkin fərdlər demək olar ki, heç bir yırtıcı üçün asan ov deyildi, hətta yaxınlıqda yaşayan nəhəng timsahlar üçün belə.

Nəhəng ölçülərin səbəbi və yox olmasının izahı

Treversin fikrincə, təkamüldə belə ekstremal nəhənglik demək olar ki, heç vaxt təsadüf olmur. Böyük yırtıcıların təzyiqindən əlavə, Stupendemysin əhəngliyinin əsas səbəbi ekoloji bolluq və təkamül imkanları ilə bağlı olub.

Alim qeyd edir ki, miozen dövründə Cənubi Amerikanın şimalı isti, rütubətli və olduqca məhsuldar bir mühit idi. Geniş daşqın düzənlikləri il boyu qida təmin edir, iqlim sabitliyi isə mövsümi stresləri azaldırdı. Belə şəraitdə iri bədən ölçüsü bir sıra üstünlüklər verirdi: keyfiyyətsiz qidanın daha effektiv həzmi, ov olmaq riskinin azalması, uzun ömür və uzun reproduktiv dövr.

Bundan əlavə, şirin su tısbağaları nəhənglikdən daha çox faydalanır, çünki onların soyuqqanlı metabolizmi enerji ehtiyaclarını nisbətən aşağı saxlayır. Su mühiti isə böyük bədən kütləsinin daşınması ilə bağlı mexaniki yükü azaldırdı.

Treversin sözlərinə görə, Stupendemys bu üstünlükləri maksimum həddə çatdırsa da, nəhəng ölçü sonradan onun zəif nöqtəsinə çevrilə bilərdi. Çünki ətraf mühit dəyişməyə başlayanda, nəhəngliyi təmin edən eyni amillər ilk zərbə alan çatışmazlıqlara çevrildi. Miozenin sonlarında Cənubi Amerika ciddi geoloji və iqlim dəyişiklikləri yaşadı.

Araşdırmalara əsasən, And dağlarının yüksəlməsi çay sistemlərini, bataqlıqları və yaşayış mühitlərini kökündən dəyişdirdi. Quruma və parçalanma nəticəsində bir vaxtlar geniş və bir-birinə bağlı su hövzələri dar və sürətli axan çaylara çevrildi.

Geniş, sakit su hövzələrindən və bol qidadan asılı olan Stupendemys üçün bu dəyişikliklər fəlakət oldu. Üstəlik, iri bədən ölçüsü digər növlərlə müqayisədə daha yavaş çoxalma demək idi və uzun nəsil dövrləri onun tez uyğunlaşma imkanlarını məhdudlaşdırırdı.

Trevers vurğulayır ki, yaşayış mühitləri daraldıqda və resurslar azaldıqda, nəhəng canlılar adətən ilk yox olanlar olur. Stupendemys-in yırtıcılar və ya rəqiblər tərəfindən məhv edildiyini göstərən sübutlar yoxdur. Tədqiqatçılar onun yox olmasının demək olar ki, tamamilə ekoloji səbəblərlə bağlı olduğu qənaətindədirlər: o, landşaftların dəyişməsinin qurbanı olub. Bu isə Yer tarixində dəfələrlə təkrarlanan bir qanunauyğunluğu xatırladır, həddindən artıq ixtisaslaşma dünya dəyişəndə daha böyük həssaslıq yaradır.

Bu tısbağa niyə bu gün də vacibdir?

Alimin fikrincə, Stupendemys şirin su ekosistemlərinin hansı həddə qədər böyük canlıları dəstəkləyə biləcəyinə dair təsəvvürləri genişləndirir. Bir çox insan çay və bataqlıqları nəhəng heyvanların yaşaya bilməyəcəyi mühit kimi görür. Lakin məlum olur ki, bu düşüncə bioloji imkanlardan çox, müasir ekoloji məhdudiyyətləri əks etdirir. Uyğun şəraitdə şirin su sistemləri ölçü və canlı müxtəlifliyi baxımından okeanlarla rəqabət apara bilər.

Trevers həmçinin bildirir ki, Stupendemys ekoloji sabitliyin nə qədər önəmli olduğuna dair bir xəbərdarlıqdır. Onun yüksəlişi uzunmüddətli sabitliyə bağlı idi, süqutu isə sürətli və genişmiqyaslı dəyişikliklərdən sonra baş verdi. Bu gün bir çox şirin su növü bənzər təhlükələrlə üzləşir: bəndlərin tikilməsi, iqlim dəyişikliyi və yaşayış mühitlərinin parçalanması. Bu növlərin hamısı nəhəng olmasa da, prinsip eynidir yavaş böyüyən və uzunömürlü canlılar qəfil dəyişikliklərə qarşı daha həssas olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar