"Ziya Məmmədov ifadə verməkdən yayınır" - Ata Abdullayevin vəkili
14 dekabr 2021 14:45 (UTC +04:00)

"Ziya Məmmədov ifadə verməkdən yayınır" - Ata Abdullayevin vəkili

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda məlum olub ki, haqqında məcburi məhkəməyə gətirilmə barədə qərar qəbul olunan Ziya Məmmədov bu dəfə də prosesə gəlməyib.

A. Abdullayev və vəkili Telman Talıbov buna etiraz edib. Vəkil bildirib ki, Z. Məmmədov faktiki olaraq məhkəmədə ifadə verməkdən yayınır: “Əgər həqiqət ittihamda göstərildiyi kimi olsaydı, niyə yayınırdı, gəlib təsdiq edərdi".

Təqsirləndirilən şəxs bildirib ki, Ziya Məmmədov İticket.az saytının rəhbəridir: “Ofisi də Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında yerləşir, məhkəməyə gəlsəydi, sualları cavablandıra bilərdi”.

Prokurorun suallarını cavablandıran Ata Abdullayev bildirib ki, zərərçəkmiş qismində tanınmış şəxslərdən nə pul istəyib, nə də başqa nəsə alıb: "Mən bir daha bildirirəm, bu adamlardan heç nə almamışam. Yazırlar ki, guya mən 2020-ci ildə Elmar Əliyevdən telefon istəmişəm. Halbuki mən həmin vaxt Misirdə idim. Ziya Məmmədov da mənə telefonu Elmar Əliyevdən tələb etdiyim üçün verməyib. Ziya ilə görüşəndə gördüm ki, əlində qatlanan “Samsung” telefonu var, alıb baxdım, qəşəng telefon olduğunu dedim. Əlindəki telefonu mənə vermək istəsə də, qəbul etmədim. Həmin vaxt əlimdəki telefonun ekranının sınıq olduğunu gördü. Bir neçə gün sonra telefon alıb göndərdi. Allaha and olsun ki, mən bu adamlardan heç nə almamışam”.

Məhkəmədə zərərçəkmiş qismində tanınan Elmar Əliyev mülki iddia qaldıraraq ona dəymiş ziyanın ödənilməsini tələb edib.

Proses dekabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, bloqer Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

A.Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Oxşar yazılar