Zeynəb Xanlaraova bacısı oğlunu xilas edə bilmədi... – Ya istəmədi?
22 aprel 2022 17:55 (UTC +04:00)

Zeynəb Xanlaraova bacısı oğlunu xilas edə bilmədi... – Ya istəmədi?

Neçə vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsi gedir. Adı da Daşqın Nəsirovdur. Özünü də son vaxtlar daha çox dəbə minən cinayətdə - DƏLƏDUZLUQda ittiham edirlər.

Azərbaycan cəmiyyətində çoxu elə hesab edir ki, tanınmış və müəyyən pilləyə yüksələ bilən kimsənin kimsəsinə toxunmaq çətin məsələdir. Özü də bu kimsə illərin Zeynəb Xanlarovasıdırsa. Məsələn, çoxu hələ də düşünə bilir ki, onun bacısı oğlunu ittiham etmək üçün “şir ürəyi yeməlisən”.  

Amma bu dəfə belə olmadı. Daşqın Nəsirova 5 il 6 ay şərti cəza verildi.

İndi maraqlı sual budur ki, Zeynəb xanım bacısı oğlunu bu məhkəmədən necə qurtara bilmədi? Axı Daşqın Nəsirovun hər məhkəməsində ən çox Xalq artistinin adı hallanır. Özü də ağır cinayətlə yanaşı. Gücü çatmadı? Bəlkə heç xilas etmək istəmədi? Bütün hallarda bu hadisədən artıq çoxları özünə pay götürə bilər. Lap Sibel Can demişkən, “Bu devirdə kimsə Şah deyil, padşah deyil”.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digər təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə son söz verilib.

Onlar özlərini ittihamlarda təqsirli bilməyib və məhkəmədən bəraət istəyiblər. Daha sonra məhkəmə müşavirəyə yollanıb. 

Müşavirədən sonra məhkəmə hökmü elan olunub. 

Məhkəmənin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il  azadlıqdan məhrum edilib.

Hökmə əsasən, polisin nəzarəti altında verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza , ev 
dustaqlığında olan Eldar Mirzəyev və Zəfər Abdulovun hər biri 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum ediliblər

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən Çingiz Səfərovun 5 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayevin 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı qeyd edib ki, polisin nəzarəti altında verilmiş Daşqın Nəsirov 6 il , ev dustaqlığında olan Eldar Mirzəyev və Zəfər Abdulov isə 4 il 6 ay azadlıqdan məhrum edilməli məhkəmə zalında həbs edilməlidirlər.
Qeyd edək ki, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.
Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.
29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edilməlidir ki, axtarışa elan edilmiş M.Ağayev və Q.Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.

Xatırladaq ki, Daşqın Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5847
avatar

Fidan İlqar

Oxşar yazılar