Zaqatalada baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Lent.az xəbər verir ki, qəza zamanı ümumilikdə 9 nəfər xəsarət alıb.
Onlar rayonun Muxax kənd sakinləri - 63 yaşlı Reyhanat Murtuzova, 54 yaşlı Yeganə Yalıyeva, 59 yaşlı Nizaməddin Əliyev, 41 yaşlı Əli Abakarov, 55 yaşlı Təranə Bubuşova, 41 yaşlı Fərqanə Hudulova 56 yaşlı Musa Əliyev, 55 yaşlı Əhməd Hudulov və 70 yaşlı Şaban Nuruyevdir.
Yaralıların hamısına Zaqatala RMX-nın Cərrahiyyə korpusunda lazımi tibbi yardım göstərildikdən sonra xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
***
Saat 01:20
Zaqatalada toydan qayıdan sakinlər qəzaya uğrayıb, xəsarət alanlar var.
Lent.az xəbər verir ki, hadisə oktyabrın 11-i saat 23 radələrində Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində baş verib.
Belə ki, Zaqatala rayonun sakininin idarə etdiyi “Mercedes Vito” markalı sərnişin daşıyan mikroavtobusla rayonun Muxax kənd sakininin idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub.
Qəza zamanı mikroavtobusda olan xeyli sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.
Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir. Mikroavtobusda olan sərnişinlərin rayonun Qımır kənd sakinləri olduqları bildirilir. Onlar Zaqatalada fəaliyyət göstərən şadlıq evlərindən birində keçirilən toy məclisindən evlərinə qayıdıblar.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)
***
23:51
Zaqatalada ağır yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə bir az əvvəl rayonun Muxax kəndi ərazisində qeydə alınıb.
Marşrut avtobusu "Vita" ilə toqquşub.
Nəticədə hər iki maşın aşıb.
Xeyli sayda yaralının olduğu bildirilir.
İlkin məlumata görə, marşrut avtobusu toydan çıxan qonaqları aparırmış.
Hazırda hadisə yerində araşdırma aparılır.