Ucarda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın APA -ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində baş verib.
Ucar rayon sakini, 2002-ci il təvəllüdlü Mirabdulla Rüstəmovun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili ilə rayonun Alpout kənd sakini, 2002-ci il təvəllüdlü Kənan Zeynalovun idarə etdiyi "Opel" markalı maşını toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan avtomobillər yol kənarında olan 2 piyadanı da vurub. Nəticədə sürücülər – M. Rüstəmov, K. Zeynalov, daha 2 sərnişin və 2 piyada xəsarət alıb.
Xəsarət alanlar – 1999-cu il təvəllüdlü Məqsəd Bəxtiyar oğlu Əsgərov, 2005-ci il təvəllüdlü Kənan Asif oğlu Abuzərov, 2001-ci il təvəllüdlü İbrahim İlqar oğlu İbrahimov, 2001-ci il təvəllüdlü Ramil Baba oğlu Abdurəhmanov aldığı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Durumu daha ağır olan R. Abdurəhmanov Göyçay Rayon Xəstəxanasına aparılıb.
Baba Atayevin dediyinə görə ona məxsus "VAZ 21099" markalı minik maşınını nəvəsi M. Rüstəmov qaçırıb.
“Nəvəmin sürücülük vəsiqəsi olmadığına görə avtomobili ona idarə etməyə vermirdim. Xəbərim olmayıb, açarı götürüb, maşını sürmək üçün şəhərə çıxıb və məlum hadisə baş verib”, - B.Atayev deyib.
Faktla bağlı araşdırma aparılır.