Mingəçevirdə dəm qazından zəhərlənən yeniyetmənin həyatı xilas olunub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Mingəçevir şəhər Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları şəhərin 20 Yanvar küçəsində xidmətdə olarkən bir azyaşlı oğlan onlara yaxınlaşıb və bacısının evdə huşsuz vəziyyətdə yerə yıxıldığını, polislərin ona kömək etməsini istəyib.
Polis əməkdaşları dərhal həmin ünvana gedib və yeniyetmə qızın vəziyyətinin pis olduğunu görüblər.
İlkin tibbi yardım göstərdikdən sonra vaxt itirməmək üçün o, dərhal xidməti avtomobil ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yeniyetmənin dəm qazından zəhərləndiyi müəyyən edilib və həkimlərin də səyi ilə onu həyata qaytarmaq mümkün olub.