"Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasovun və digərlərinin (Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda son olaraq təqsirləndirilən şəxs Vüsalə Əliyeva son söz deyib.
V.Əliyeva iki övladının olmasını, həmçinin hazıra hamilə olduğunu bildirərək ona şərti cəza verilməsini xahiş edib: "Həyat yoldaşım təqaüdçüdür. Bu işlə bağlı Əvəz Hüseynov və Qalib Nəcəfov hər xəstəyə görə mənə faiz veriləcəyini dedi. Mən də imkanım olmadığı üçün buna razı oldum. Özümü qismən təqsirli bilirəm. Etdiyim əmələ görə məhkəmədən bir daha üzr istəyirəm”.
Bundan sonra məhkəmədə hökm elan olunub.
Hökmə əsasən, sabiq direktor Pərviz Abbasova verilən ittihamın məhkəmə yolu ilə sübuta yetirildiyi əsas gətirilərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Həmçinin cinayət işi üzrə təqsirləndirilən şəxslər - “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə 8 il həbs cəzası verilib.
“Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs Vüsalə Əliyeva 2 il, digərləri isə 3 il dövlət orqanlarında vəzifə tuta bilməzlər.
Qeyd edək ki, prokuror Pərviz Abbasova 10 il, Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevə 9 il, Vüsalə Əliyevaya isə şərti cəza verilməsini istəmişdi.
Xatırladaq ki, Baş prokurorluq tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham verilib.