Şrikeş Kumar ağır qəza keçirib. Hindistanın Moradabad şəhərində 45 yaşlı elektrik işçisini motosiklet vurub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, vəziyyəti ağır olduğundan xəstəxanaya aparılıb və orada ölüb. Kişi şok həqiqətin üstü açılana kimi meyitxananın dondurucusunda yeddi saat qalıb.
Ailə üzvləri yarılma razılığını imzalamaq üçün gələndə elektrikçinin qohumu Madhu Balanın qəfildən dəhşət içində adamın hərəkət etdiyini görüb. Qız qışqırıb: “Mərhum” açıq-aydın nəsə demək istəyir”.
“O, ümumiyyətlə ölməyib. Bu necə oldu? Qulaq asın, nəsə demək istəyir, nəfəs alır”, - Madhu Bala deyib.
Hindistanlının həqiqətən sağ olduğu ortaya çıxıb və indi lazımi müalicəni alır. O, hələ də huşunu itirmiş vəziyyətdədir, lakin həkimlər yaxşılaşdığını qeyd ediblər. Kumarın yaxınları həkimləri səhlənkarlıqda ittiham edərək məhkəməyə verməyə hazırlaşırlar.
Bununla belə, doktor Şiv Sinqh çox nadir bir hadisə ilə üzləşdikləri üçün onların günahı olmadığına təkid edir. Onun sözlərinə görə, təcili yardım əməkdaşı meyitxanada kişini bir neçə dəfə müayinə edib və ürəyi döyünməyib.
“Biz bunu səhlənkarlıq adlandıra bilmərik”, - mütəxəssis vurğulayıb.