Bu gün Şəki rayonunda baş vermiş güclü zəlzələ ilə bağlı müvafiq dövlət orqanları dəymiş ziyanı müəyyənləşdirməyə başlayıb. Şəki rayon İcra Hakimiyyəti başçısının köməkçisi Ziya Vəliyev Lent.az-a bildirib ki, yeraltı titrəyişlər ən çox Şəkinin cənub-qərbində yerləşən Turan qəsəbəsində hiss edilib: "Həmçinin rayonun Qaratorpaq və Sarıca kəndlərində də zəlzələ 6 baladək hiss edilib. Müvafiq komissiya təşkil edilib. Hazırda həm icra nümayəndələri, həm də bələdiyyə üzvlərinin iştirakı ilə araşdırmalara başlanılıb. Bir sıra kəndlərdə köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma halları baş verib".
Z.Vəliyev əlavə edib ki, zəlzələ Şəki şəhərində 4-5 bal gücündə hiss edilib və hər hansı dağıntıya səbəb olmayıb.