Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt sakini, 1966-cı il təvəllüdlü Namiq Xanalıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. N.Xanalıyev yol polisinə ağır xəsarət yetirməkdə təqsirləndirilir.
Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov cinayət işi ilə tanış olmadığına görə məhkəmə istintaqının başlanması üçün vaxt istəyib. Məhkəmə baxışı martın 10-a təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü il noyabrın 17-dən 18-ə keçən gecə Xətai prospekti, 40 saylı evin yanında baş verib. Namiq Xanəliyevə məxsus "Toyota Prado"nun müəyyən edilməyən sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün adıçəkilən şəxs dövlət yol polis əməkdaşı, 1979-cu il təvəllüdlü Hüseynov Əbuzər Cəbrayıl oğlu tərəfindən saxlanılıb.
Polis sənədləri yoxlamaq üçün əlini açıq pəncərədən içəri salarkən sürücü qəfil pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinini əlini sıxıb. Qaydanı pozan şəxs daha sonra qaza basıb və bu vəziyyətdə polisi bir neçə metr sürükləyib.
Hüseynov əlini maşının pəncərəsindən güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN-in hospitalına çatdırılıb.
Sürücü ilkin ifadəsində bildirib ki, heç bir qayda pozmayıb: “Polis işiqforda məndən maşını saxlamağımı tələb etdi. Maşını kənara çəkdim. Kobud şəkildə mənə içki qəbul edib-etməməyimlə bağlı sual verdi. Birbaşa olaraq yol patrul haqqında təlimatı kobud şəkildə pozdu. Ona ədəbli danışmağı tələb etdim və bildirdim ki, məhərrəmlik ayıdır, namaz qılan adamam, təkid etdi, sənədlərimi vermədim. Maşını sürmək istəyəndə özünü atdı, pəncərədən yapışdı və söyüş söyməyə davam etdi. Əyləci basıb, saxlayanda yerə yıxıldı”.
Qeyd edək ki, N.Xanalıyev Cinayət Məcəlləsinin 226.2.2-cü maddəsi ilə ittiham edilir.