Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Qlobal Stone” MMC-nin baş direktoru, təqsirləndirilən Uğur Bəşirovun hüquqlarını müdafiə edən vəkil Vüsal Hüseynov çıxış edib. O, fəaliyyətində cinayət tərkibi olmadığından U. Bəşirov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Sonra “Global Construction” MMC-nin sədr müavini, təqsirləndirilən Ələkbər Əsgərovun vəkili Elvin Səlimov çıxış edib. O deyib ki, ittiham aktında Ələkbər Əsgərovun cinayət törətməsi ilə bağlı konkret sübutlar yoxdur və burda qərəzli mövqe nümayiş etdirilir: "İttiham tərəfi yalnız mülahizə irəli sürür. Məhkəmədə bir nəfər şahid də Ələkbər Əsgərov tərəfindən işə götürüldüyünü demədi. Ələkbər Əsgərovun göstərişi ilə heç bir maliyyə vəsaiti verilməyib. Eyni zamanda hüquqlarını müdafiə etdiyim şəxsin kimlərləsə cinayət əlaqəsinə girməsi barədə ittihamlar da absurddur".
72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi, təqsirləndirilən Nizami Orucovun vəkili Pərviz Zamanlı da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib. Proses yanvarın 17-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.