Bakı Apellyasiya Məhkəməsində terror barəsində bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Aydın Xudiyevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayəti üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, keçirilən iclasda müdafiə tərəfi ilkin baxış iclasından Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılacaq.
Qeyd edək ki, A. Xudiyev 2015-ci il iyunun 12-də I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində saxlanılıb. A.Xudiyevin evindən “Sony” markalı diktofon və “Panasonic” markalı kaset aşkarlanaraq götürülüb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onu da qeyd edək ki, A.Xudiyev “Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə” İctimai Birliyinin rəhbəri olub.