Avropa Standartlaşdırma Komitəsi ilə əməkdaşlıq əlaqələri güclənir
İyunun 18-21-də Kopenhagendə Avropa Standartlaşdırma Komitəsinin (CEN) növbəti Baş Assambleyası və II Avropa Standartlaşdırma Sammiti keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Komitənin nümayəndələri iştirak ediblər.
Çexiya, Slovakiya, Polşa, Makedoniya, Latviya, Litva, Bosniya və Herseqovina, Türkiyə və Gürcüstanın standartlaşdırma qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı ölkələr arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və cari il ərzində Çexiya və Polşaya səfərlərin təşkil olunmasına dair ilkin razılıq əldə olunub.
Almaniya Standartlar İnstitutunun (DİN) Almaniyanın Elektrik, Elektron və İnformasiya Texnologiyaları üzrə Komissiyası ilə aparılmış ikitərəfli danışıqlar zamanı alman ekspertləri elektrik və İT sahələrində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətlərini bildiriblər.
Səfər çərçivəsində SMPDK ilə CEN-in mövcud əlaqələrini genişləndirmək məqsədilə CEN-in bir sıra texniki komitələrində iştirak imkanları müzakirə edilib və prioritetlər təyin edilib. Sonra CEN-in Baş Assembleyasında CEN-ə üzvlük meyarlarını müəyyən edən 20 saylı Təlimata yenidən baxılıb və 2014-cü ildə CEN-in növbəti Baş Assambleyasının Türkiyənin İstanbul şəhərində, 2015-ci ildə Latviyanın Riqa şəhərində, 2016-cı ildə isə Makedoniyada keçirilməsi razılaşdırılıb.