Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılova məhkəmə tərkibinə yenidən etiraz edib. Etiraz təmin olunmayıb.
Xədicə İsmayıl jurnalistlər Ramal Hüseynovla Elçin Zahiroğlunun şahid qismində dindirilməsini məhkəmədən istəyib.
Xədicə İsmayılın vəsatətləri təmin edilməyib.
Prosesdə Xədicə İsmayılova 125-ci maddə ilə bağlı suallara yalnız zərərçəkmişin iştirakı təmin olunandan sonra cavablandıracağını deyib: “Məni vergidən yayınmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edirlər”.
Sonra X.İsmayılova zərərçəkmiş şəxsin məhkəmədə iştirakı ilə bağlı vəsatət qaldırıb. Hakim onunla əlaqə saxlamağın mümkün olmadığını bildirib.
Məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlayıb və sabah davam edəcək.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin X.İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq” radiosu və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda sink-oksid dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına örə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. T.Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbayel Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr, 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.