Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə başa çatıb.
Lent.az-ın məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Nəsimi rayon Məhkəməsinin inzibati binasında baş tutub.
Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci ( şərti cəza) maddəsi tədbiq edilib, 3 il sınaq müddəti verilib.
Qeyd edək ki, prokuror Ş. Sultanovun barəsində olan ev dustaqlığının ləğv edilməsini və onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.