İş qurmaq və maşın alveri adı altında 700 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Cəlal Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə C.Hüseynova 8 il cəza təyin edilib. Ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Qeyd edək ki, Cəlal Hüseynov iş qurmaq adı ilə Məhəmməd İbrahimovdan 73 min dollar, Mehdixan Həsənovdan 35 min dollar, Əhliman İsmayılovdan 42 min dollar, Faiq Quliyevdən 10 min dollar, Rəfael Tağıyevdən 35 min dollar alıb. Onların etibarından sui-istifadə edərək həmin məbləğləri mənimsəyib.
Həmçinin C. Hüseynov xaricdən maşın alıb gətirmək işi ilə məşğul olduğunu deyib və bu vədlə Şəmsəddin İsayevdən 329 min dollar, Abdulla Fətullayevdən 100 min dollar, Faiq Əlizadədən 63 min dollar, Rəfael Tağıyevdən 35 min dollar alıb və onlara bu işdən qazanc vəd etsə də, heç bir vədinə əməl etməyib.
Digər zərərçəkmiş Elvin Şahmuradov üçün "BMW X6" markalı avtomobil gətirəcəyini deyərək ondan 20 min dollar alıb.
C. Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib.
O, çoxsaylı şikayətlərdən sonra 2015-ci ildə şübhəli şəxs kimi saxlanılıb. Onun barəsində polis nəzarətinə verilməklə başqa yerə getməmək haqda qərar çıxarılıb.
2016-cı ildə isə barəsində həbs-qətimkan tədbiri seçilib. 3 ay sonra isə Səbail Rayon Məhkəməsi onun barəsində olan həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə dəyişib. Məhkəmə istintaqı dövründə də ev dustaqlığında olub.
C. Hüseynov istintaq və məhkəmə dövründə zərərçəkmişlərə dəymiş ziyanı ödəyib.