3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən Çingiz Abdullayevin məhkəməsi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrım 27-ə təyin edilib.
Qeyd edək ki, Ç.Abdullayevə 5 maddə üzrə ittiham irəli sürülüb. Ona oğlu Loğman Abdullayevin cinayət işi ilə əlaqədar olaraq cinayət işi açılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Çingiz Abdullayev Cinayət Məcəlləsinin (CM) 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170. 3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinir.
Bildirək ki, Ç.Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilmişdi.
Bu cinayət işində Loğman Abdullayevin qaynı Gəray Abdullayev də həbs edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində Loğman Abdullayev, Nurlan Bayramov, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev, Tural Babazadə və Tural Qasımov saxlanılıb.
Nərimanov Rayon Məhkəməsində Fərhad Tağıyev, Ruslan Hacıyev və Tural Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Həmin şəxslər Cinayət Məcəlləsinin (CM) 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3.1-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığında olan təqsirləndirilən R.Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. F.Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən G.Abdulov 2 min manat cərimə olunub, T.Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib və cəzalar azaldılıb. Belə ki, 18 il müddətinə azadlıqdan məhrum edilən L.Abdullayevin cəzası 15 ilə, 16 il müddəyinə azadlıqdan məhrum edilən E.Qasımovla P.Rzayevin cəzası isə 14 il 6 aya endirilib.
Şərti cəza alanlar - F.Tağıyev, G.Abdullayev, T.Qasımov və R.Hacıyev barəsindəki hökm isə dəyişdirilmədən saxlanılıb. Qərarda qeyd olunub ki, birinci instansiya məhkəməsi cəzaları düzgün hesablamayıb.
Xatırladaq ki, L.Abdullayevin atası Çingiz Abdullayev Qazaxıstanda həbs edilib. O daha sonra Azərbaycana ekstradisiya edilib. Ç.Abdullayev də CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3.1-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub.