Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tamerlan Talıbov birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, T.Talıbovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, T.Talıbov Bakı şəhər sakininin etimadını qazanaraq, ondan 16 min manat pul alıb. O, vətəndaşa ev alacağını vəd etsə də, sözünə əməl etməyib. Pulunu T.Talıbovdan ala bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarını müraciət edib. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb. T.Talıbova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Talıbov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş apellyasiya şikayəti verib.