Valideyn üçün ağır seçim: ucuz zəhər, yoxsa bahalı sağlamlıq? -<span style="color:red;"> REPORTAJ
02 iyun 2019 13:52 (UTC +04:00)

Valideyn üçün ağır seçim: ucuz zəhər, yoxsa bahalı sağlamlıq? - REPORTAJ

Paytaxt bazarlarında harada istehsal edildiyi bəlli olmayan, standartlara cavab verməyən uşaq geyimlərinə hər zaman rast gəlinir. Bu cür malların satışı getdikcə genişlənir və bunun ən böyük səbəbi də qiymətin ucuz olmasıdır. Piştaxtalarda satılan ucuz paltarların qiymətinə aldanıb alan çox olsa da, onun törədəcəyi fəsadlardan xəbərdar olan azdır. 
 
Lent.az-ın əməkdaşı Bakıda belə geyimlərin ən çox satıldığı obyektlərdən birinə - "8-ci km bazarı"na baş çəkib.
 
Bazara girən kimi piştaxtaların üstünə gigiyenik qaydalara riayət olunmadan, səliqəsiz halda səpələnmiş, toz-torpağa bələnmiş geyimlər diqqətimizi çəkdi. Mənzərə uzaqdan bəlli olsa da, satıcıya yaxınlaşıb, paltarların keyfiyyəti və qiyməti ilə maraqlandıq.
 
Elmar adlı satıcı bildirdi ki, kilo ilə Sədərəkdən aldıqları bu paltarlar Türkiyədən gətirilir:
 
“Biz malları “Sədərək”dən ucuz qiymətə kilo ilə alırıq. Ona görə də qiymətlər bizdə daha ucuzdur. Gördüyünüz bu paltarları bizdən 3-5 manata alıb, “Neftçilər”, Xırdalan, 28 may ticarət mərkəzi kimi qapalı yerlərdə 20-25 manata satırlar. İnsanlar düşünürlər ki, o cür yerlərdən baha qiymətə aldıqları paltarlar daha keyfiyyətlidir. Ancaq həmin paltarlar bu bazardan alınıb aparılır və baha qiymətlərlə müştərilərə satılır”.
 
 
Bu əsnada, kənardakı piştaxtanın sahibinin alıcıları cəlb etmək üçün işlətdiyi ifadələr diqqətimizi cəlb etdi. Satıcı tək paltarları ilə deyil səsi ilə də insanlara ziyan verirdi. Yüksək tonda qışqıran satıcı diqqəti cəlb etmək üçün “3 manata Türkiyə istehsalı paltarlar” satdığını qışqırırdı. Doğrusu, bu çağırışlara şirniklənən alıcılar da az deyildi.
Söhbətləşmək üçün ona yaxınlaşdıq. Adını demək istəməyən satıcı israrla bildirdi ki, satdığı paltarlar Türkiyə istehsalıdır:
 
"Bizdə satılan mallar əsasən Türkiyədə istehsal olunmuş paltarlardır. Başqa ölkələrin istehsalı olan mal azdır. Bu paltarları “Sədərək” ticarət mərkəzindən gətiririk. Paltarların materialına da fikir verdikdə, görərsiniz ki, təmiz maldır. Qiymətlərinə gəldikdə isə bütün uşaq geyimləri 3 manatdan başlayır. Kilo ilə aldığımız üçün ucuz başa gəlir”. 
 
Adsız satıcının dediyinin tam əksinə, paltarların materialının keyfiyyətsiz olduğu dərhal hiss olunurdu. Səliqəsiz şəraitdə satılan uşaq geyimləri heç təzə paltara da oxşamırdı. Geyimlərin üzərində olan etiketlərin belə saxta olduğu uzaqdan bilinir. Etiketlər ya sancaqla bərkidilib, ya da sapla paltara birləşdirilib.
 
Bəziləri maddi vəziyyəti, bəziləri isə uşaqların “onsuz da tez-tez paltar cırmasını” əsas gətirərək, mənşəyi bilinməyən, toz-torpaq içində səliqəsiz şəraitdə satılan bu paltarın uşaqlar üçün nə dərəcədə təhlükəli olmasının fərqinə varmır. 
 
Bazarda gördüyümüz acınacaqlı vəziyyətdən sonra, paytaxtda yerləşən, indiki dəblə desək, “brend” uşaq geyimi mağazalarına da üz tutub, vəziyyəti müqayisə etmək istədik.
 
Türkiyənin, Almaniyanın istehsalı olan uşaq geyimləri satılan bir neçə mağazaya baş çəkdik.
 
Məşhur mağazalarda geyimlər ucuz olmasa da, həqiqətən keyfiyyəti hiss olunurdu.
 
Satıcıya yaxınlaşıb, geyimlərin qiyməti ilə maraqlandıq.
 
Geyimlərin 30 manatdan başladığını bildirən satıcı, mağazada satılan malların keyfiyyətinin yüksək olduğunu qeyd etdi: 
 
“Bizim mağazamıza geyimlər Türkiyənin müxtəlif keyfiyyətli fabriklərindən və Almaniyadan gəlir. Bu paltarlar pambıq və kətan parçalardan hazırlanır. Gördüyünüz kimi, geyimlərə əl vuranda necə yumşaq və rahat olduğu hiss olunur”.
 
Doğrudur, bu mağazada satılan uşaq paltarlarının qiyməti elə böyük geyimlərinin qiymətilə eynidir. Bu da əhalinin bütün kəsimlərinin belə məhsulları ala bilməsini çətinləşdirir. Ancaq həqiqətən də keyfiyyətinə söz ola bilməzdi. Paltarın qoxusu, təmizliyi, səliqəsi göz oxşayırdı...
 
Bəs geyimin keyfiyyətinin insan, xüsusilə uşaq sağlamlığına hansı təsirləri var? Həkim Günay Rəsulova Lent.az-a açıqlamasında bildirib ki, uşaqlara mənşəyi bilinməyən keyfiyyətsiz geyimlər almaq düzgün deyil.
 
“Bazarlarda tozun içində, gigiyenik normalara cavab verməyən sintetik materialdan hazırlanan paltarlar uşaqlarda müxtəlif xəstəliklərə yol aça bilər. Sintetik materialdan hazırlanan geyimlər körpələrdə dəri tənəffüsünə mane olur. Bu hal uşaqlarda narahatlıq, yuxusuzluq, tez-tez tərləmə və s. hallar ilə nəticələnir. Natəmiz şəraitdə satılan uşaq iç geyimləri sidik yolları infeksiyasına, böyrək iltihabına səbəb ol bilər. Parça seçimində isə pambıq, kətan və dəri tənəffüsünə mane olmayacaq geyimlər seçilməlidir. Kimyəvi rənglənmiş geyimlərdən mümkün qədər uzaq olmaq lazımdır. Rəngdə istifadə olunan kimyəvi qatqılar körpələrin dərisi vasitəsilə sorularaq, zəhərlənməyə, hətta dəri xərçənginə kimi gətirib çıxara bilər”.
 
 
G.Rəsulova paltar seçimi ilə bağlı başqa bir məqama da diqqət çəkir. Onun fikrincə, uşaqlara paltar seçərkən üstündəki etiketin, düymələrin, başqa metal aksessuarların dəri ilə təmasda olmamasına fikir verilməlidir: “Paltarda olan hər hansı bir artıq əşya körpənin dərisində qıcıqlanma yaradır. Bu isə uşaqların narahatlığına və yuxu pozğunluqlarına səbəb olur”.
 
Beləliklə, ucuz malın keyfiyyətsiz, keyfiyyətli malın isə baha olması Azərbaycanda uşaq geyimi bazarının hələ də ən ciddi problemi olaraq qalır. Seçim, nə qədər çətin də olsa, valideynlərin üzərindədir. Ucuz qiymətə xəstəlik almaq, yoxsa baha qiymətə sağlamlıq dalınca qaçmaq?...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766

Oxşar yazılar