Türkiyədə 10 il bundan qabaq adam öldürməyə cəhd edib Bakıya qaçan Hasan Təkbıçağın öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən Hasan Təkbıçaq barəsində polis nəzarətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs edilib. O, Türkiyəyə ekstradisiya ediləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsi və digər hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə Bakıda əməliyyat həyata keçirilib. Məlumata görə, əməliyyat tədbirləri nəticəsində Türkiyə Respublikasının axtarışa verdiyi 1956-cı il təvəllüdlü Hasan Hüsnü Tekbıçak tutulub. Onun Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı tədbirlər görülür.
Tutulan şəxs Türkiyədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinir və məhkəmə qərarı ilə axtarışa verilib. Onun Azərbaycanda olması müəyyən ediləndən sonra Türkiyə tərəfi Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib.