Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər - Anar Səmədov, Mehman Quliyev və Coşqun Əlizadə ifadə verib. Ev alqı-satqısı ilə məşğul olan M.Quliyev ifadəsində Q.Rəhimovla torpaqla mənzili dəyişdiklərini deyib. Məhkəmə prosesi martın 16-da davam edəcək.
Qeyd edək ki, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. Araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilməyib.