Tənzilə Rüstəmxanlı: “Mən onların əzəli düşməniyəm” - <span style="color:red;">YENİLƏNİB
19 dekabr 2014 20:14 (UTC +04:00)

Tənzilə Rüstəmxanlı: “Mən onların əzəli düşməniyəm” - YENİLƏNİB

Bu gün T. Rüstəmxanlı adının “parallel yapı” ilə bağlı istintaq materiallarında əksini tapmasına münasibət bildirən yazı yazıb və onu interpress.az saytında yayıb. Lent.az qarşı tərəf olaraq T. Rüstəmxanlının da fikirlərini yayımlayır.

 

Dekabrın 16-da Türkiyədən işgüzar səfərdən döndüm. Müxtəlif şəhərlərdə konfranslarım vardı. Oradakı dostlardan Allah razı olsun, səfər çox yüksək səviyyədə keçdi. Kütahya şəhərində, Dumlupınar Universitetində "Bir Millət, İki Dövlət: Azərbaycan-Türkiyə" adlı konfrans çox önəmliydi. Bugünkü Ermənistan dövlətinin yerləşdiyi ərazilərin Azərbaycan türklərinin dədə-baba torpağı olduğunu, ermənilərin Qafqaza gəlmə olduqlarını, çar Rusiyasının erməniləri Qarabağa yerləşdirməsinin pərdəarxası üzünü, Rusiyanın "Dənizdən - dənizə Ermənistan" xəyalı ilə ermənilərdən maşa olarak istifadə etməsini, bugünkü Qarabağın işğalının gerçək aktyorlarını, Xocalını, bir milyon qaçqın Azərbaycan türkünün taleyini, erməni əsirliyində olan soydaşlarımızı və onlara edilən zülmü, işgəncəni faktlarla anlatdım. Çıxışımın sonunda yüzlərlə tələbə ayağa qalxaraq "Qarabağ bizimdir, bizim olacaq" deyə hayqırdı.

 

Axşam 18:00-da yenə Kütahyada, “Hilton” otelinin toplantı salonunda ikinci bir konfrasım var idi. Təşkilatçı rəhbəri olduğum Azəri-Türk Qadınlar Birliyinin ortaq iş gördüyü "Türk Eğitim Sen"in Kütahya şöbəsi idi. Bu dəfə dinləyicilərim müəllimlər oldu. Çıxışımda Azərbaycan və Türkiyənin yalançı erməni soyqırımını ifşa etməkdə bərabər hərəkət etməkdən, Xocalı soyqırımını tanıtmaqdan, tarixi gerçəkləri tələbələrinə anlatmaqdan və ortaq problemlərimizin həllində birlikdə hərəkət etməyin vacibliyindən danışdım. Ankara və Antalyadakı konfranslar da eyni coşqu ilə, çox yüksək səviyyədə keçdi.

 

Beş gündə Türkiyənin üç böyük şəhərində dörd elmi konfrans. Bəlkə kənardan baxana asan gələr, amma həqiqətən çox ağır işdir millət və vətən davası. Bu iş ürək istər, ağıl və bilgi istər, fədakarlıq istər. Bütün bunları bu ölkədə heç kimdən bir quruş almadan, həyat yoldaşımın və özümün şəxsi imkanlarımız hesabına edirəm. Çünki bu ölkədə çox az adam Azərbaycanın Qarabağ məsələsinə pul xərclər...

 

Təəssüf ki, istər Qarabağ, istərsə də Azərbaycan bir çox imkanlı insanımızı çox az maraqlandırır. Biz isə Türkiyə də daxil olmaqla heç bir xarici ölkədən maliyyə yardımı almadan, sadəcə 20 illik fəaliyyətimiz boyu üç dəfə QHT Şurasından yardım alaraq işlərimizi davam etdirib, bu haqlı davanın əsgərləri olmuşuq. Çünki biz bu vətəni qarşılıqsız sevdik. Mən dədə yurdu erməni işğalı altında inləyən torpağın, Qərbi Azərbaycanın övladı olaraq, gücümün yetdiyi qədər düşmənlə ideoloji mübarizə aparmışam və aparacağam. Mən Azərbaycanın parlament kürsülərini işğal edən bəzi millət vəkilləri kimi əlimdəki imkanları qohumum, qardaşım üçün xərcləməmişəm. Azərbaycan dövlətini yıxmaq istəyən, “Sadval”a ideoloji vəkillik edən, ipləri ABŞ-ın əlində olan Gülən camaatına hamilik edən, yalançı türkçü maskası altında türk düşmənlərinə xidmət edənlərdən fərqli olaraq, biz vətənimizi heç nəyə satmadıq. Leyla Yunuslardan fərqli olaraq biz Avropada Qarabağı müdafiə etdik.

 

Bəziləri ruhunu şeytana satanda mən onlara qarşı mübarizənin önündə oldum. Bu yolda çox təhqirlərə, haqsızlıqlara məruz qaldım.

 

Bunları niyə xatırladım? Hamısını bildirəcəyəm. 2008-ci ilin avqust ayında yenə Sabir bəylə Türkiyədən dönürdük. Təyyarədən enər-enməz jurnalistlər bizi aradılar: “Sizin isminiz "Ergenekon terror örgütü"ü ilə əlaqəli keçir”. Yəni, Zəkəriyə Özün o məşhur iddianaməsində. O zaman açıqlama verdik ki, tutulan insanlar Azərbaycanın dostlarıdır və suçlu olduqlarına inanmırıq. Dərdimizi anlayan anladı, anlamayan da öz maraqları çərçivəsində yorumladı. "Gülən camaatı dövlət üçün təhləkədir" dedik, səsimizi kimsə duymadı. Gülən camaatının Azərbaycanda çox güclü olduğunu o zaman daha aydın gördüm. Az qala bizi mühakiməsiz edam edəcəkdilər. Yəqin ki, Türkiyə vətəndaşı olsaydım məni çoxdan həbs etmişdilər. O zaman Türkiyə hökumətinin də işinə gəlirdi. Gülən şəbəkəsinin Azərbaycan ayağı, xüsusilə, "Zaman" qəzetinin Azərbaycan qanadı bizi qəzetlərində manşetdən verirdilər, camaatın köləsi olmuş jurnalistlər - hansı ki, heç bir əzizinin həbsdə olmasına könlümün razı olmadıqları- bizim həbs olunacağımız anı səbirsizliklə gözləyirdilər. Gülənin maliyyəsinin işıltısına kor olan millət vəkilləri bizə salam verməyə belə qorxurdular ki, onlara da “ergenekonçu” deyərlər. Türkiyəli Türklərin çox gözəl bir sözü var : “Kəsər dönər, sap dönər, gün gələr hesab dönər”.

 

Ədoğan höküməti 17 dekabr olaylarından sonra ayıldı ki, bunlar burunlarının ucuna qədər gəliblər.

 

Dövlətin bütün strukturları onların əlinə keçib. Polis, məhkəmə, parlament, media, məktəb, universitet tamamilə onların əlindədir və Әrdoğanı həbs etmələri an məsələsidir. Çünki ABŞ belə istəmişdi... Biz nə deyirdik? Deyirdik ki, bunları təmizləyin, bunlara bu qədər imkan verməyin, bunlar Azərbaycan dövlətinin başına bəla olacaq. Hətta iş o yerə çatmışdı ki, burada belə bizi hədələyirdilər. Bunların necə bir təhlükə olduğunu mən Xocalı soyqırımının 20 illiyində İstanbulda, “Taksim”də bir daha gördüm. Elnur Aslanov və Ceyhun Osmanlının qol-qola girərək, Xocalını Hama və Humusla eyni sıraya qoymaları, Sabir bəyin və mənim etirazımıza baxmayaraq yenə də eyni afişi yazmaları və xərclənən pulların qaranlıq taleyi... Biz nələrə şahid olmadıq ki... Bir də bunların kulislərdə “Azərbaycanda 2015-ci il parlament seçkilərini biz keçirəcəyik” havaları...

 

Allah Prezidentimiz İlham Əliyevdən razı olsun, zamanında bu məsələyə əl qoydu və tədbir gördü, yoxsa sabah “Amerika istəyir” deyə, Azərbaycanda dövlət çevrilişini göz qırpmadan edərdilər.

 

Necə də olsa,Türkiyədə yaratdıqları “Xəzər” Strateji İnstitutunun göbəyi də Amerikada kəsilib. Nə olsun ki, maliyyəsi bizim cibimizdən gedir. Neftimizin pulları Amerikanın regiondakı maraqları üçün sərf olunur... SOCAR-ın rəhbərliyi bunu bilmirsə, araşdırıb öyrənsin ki, nə üçün HASEN-in bütün proyektlərində Elnur Aslanov və komandası ön sırada olub? Rövnəq müəllim Xalik Məmmədovu sırf müavinidir deyə müdafiə etmək yerinə, qapalı qapılar ardında gedən oyunları araşdırsın. Görsün, SOCAR-da İlham Əliyevə qarşı xəyanətin içində kimlər var...

 

Biz bu dövləti küçələrdə, rus imperiyasına qarşı dik duraraq qurmuşuq... Bunu çoxları anlamaz. O gün meydanlarda olmayanlar məni çətin anlayar. Anlamaqlarını da istəmirəm, sizi çox yüksək məqamlara gətirən Prezidentimizə gündə yüz dəfə şükür edin və sədaqətli olun, yetər.

***

Bu gün yenə qəzetlərin maşetindəyik, yenə də bizi hansısa terror örgütünə bağlayırlar. Amma bu dəfə hədəf çaşdırmaq istəyirlər, Türkiyədə həbs olunan “paralelçilər”in, yəni “gülənçilər”in ələ keçirilən sənədlərinin içindən bizim də ismimiz çıxıb. Biz onların düşməniymişik və bizi həbs etmək istəyiblər...

 

Əlbəttə, mənim adım onların dosyelərindən çıxacaq. O dosyelərdən onların millət vəkili dostlarının, ana-oğul imamların adları çıxmayacaq ki... Mən onların əzəli düşməniyəm, çünki...

Bu gün qınlarına çəkilsələr də fürsət gözləyirlər ki, imkan tapan kimi baş qaldırsınlar...

 

Mənim bunlarla heç bir şəxsi davam yoxdur... Mənim əndişəm dövlətimin, gənclərimizin gələcəyi ilə bağlıdır. Biz bu dövləti ona görə qurmamışıq ki, Amerikanın, Avropanın və “Soros”un nökərləri gəlib əl qoysunlar... Bu vətən də, millət də bizimdir, onlar uğrunda ölmək də... Sizlər bunu anlaya bilməzsiniz.

 

Sevgili jurnalistlər, son sözüm sizədir. Məni sevməyə bilərsiniz, amma haqqımı yeməyin, çünki “qul haqqı yeyilməz”. Bu aralar “paralelçilər” yenə Azərbaycanda fəallaşıb, onlar haqqında gerçəkləri yazan yetim jurnalist Aqil Ələsgəri məhkəməyə verib, iki milyon manat istəyirlər... Yazıqlar hər kəsi öz arşınları ilə ölçürlər... Vətənsevərlərin HASEN və “paralelçilər”ə verəcək pulu yoxdur... Dövlətin pulunu bunlara xərcləyib, havaya sovurduğunuz kimi, bu dövləti qələmi ilə müdafiə edənləri də boğmağa çalışmayın. Zatən bir sürü satın aldığınız yazarlar var ki, dərisi beş para etməz. Aqil Ələsgər onlardan fərqli olaraq Dövlətini qarşılığında heç nə almadan müdafiə edir. Onlar isə bu dövlətin qaymağını yeyərək, onu yıxmaq istəyənlərin yanında yer alırlar... Çalışın, onlardan olmayın...

 

***

17,12.2014. 18:26

Bu gün Türkiyədə Fətullah Gülənə qarşı başladılan “Tahşiyə” əməliyyatı zamanı Azərbaycandan bəzi şəxslərin də adı hallanıb. Türk mediasının məlumatına görə, fətullahçı polislər “Tahşiyə” Yayın Evi ilə bağlı əməliyyat apararkən Azərbaycandan da bəzi şəxsləri həbs etmək istəyib. Bunlardan biri də jurnalist Aqil F. olub. Aqil.F-nin isə Azərbaycanda Fətullah Gülənin təriqətinə qarşı müntəzəm olaraq yazılar verən “Yeni Çağ” qəzetinin redaktoru Aqil Ələsgər olduğu ehtimal edilir.

 

Bu gün Türkiyədə Fətullah Gülənə qarşı başladılan “Tahşiyə” əməliyyatı zamanı Azərbaycandan bəzi şəxslərin də adı hallanıb.

 

Türk mediasının məlumatına görə, fətullahçı polislər “Tahşiyə” Yayın Evi ilə bağlı əməliyyat apararkən Azərbaycandan da bəzi şəxsləri həbs etmək istəyib. Bunlardan biri də jurnalist Aqil F. olub. Aqil.F-nin isə Azərbaycanda Fətullah Gülənin təriqətinə qarşı müntəzəm olaraq yazılar verən “Yeni Çağ” qəzetinin redaktoru Aqil Ələsgər olduğu ehtimal edilir.

 

 

Aqil Ələsgər virtualaz.org saytına verdiyi açıqlamada bu məsələ ilə bağlı bir sıra mətləblərə aydınlıq gətirdi.

 

 

A.Ələsgərin sözlərinə görə, o, 2007-ci ildə Fətullah Gülən təhlükəsindən danışarkən, bu gün ondan zərər görənlər belə dəstəkləmirdi: “Mən “Gülən camaatı”nın iç üzünü açdığım üçün zamanla müxtəlif şəkildə həm təhdid edildim, həm də adımın hallanmadığı terror təşkilatı qalmadı. Mənə PKK-çı, “Ergenekon”çu, “əl-Qaidə”çi, mason, MOSSAD agenti, ən sonda Ərdoğanın adamı deyirdilər. Bir adam da soruşmayıb ki, axı bir-birinə zidd olan bu qədər təşkilatı bir jurnalist necə birləşdirə bilir. O zaman yazmışdılar ki, “Ergenekon”la “əl-Qaidə”ni Azərbaycanda Aqil birləşdirir. Yəni mənim elə bir gücüm var imiş ki, bütün dünyada bir araya gələ bilməyən örgütləri burada mən təkbaşına koordinasiya edə bilirmişəm. Çox absurddur. Ancaq fakt budur ki, bütün bunlar məhkəmə sənədlərində öz əksini tapıb. O hadisələr baş verən zaman mən dəfələrlə Türkiyəyə səfər edib Xocalı soyqırımı ilə bağlı konfranslar təşkil etmişəm. Azacıq suçum olsaydı, inanıram ki, kimsə bir yetim jurnalistin gözünün yaşına baxmazdı. Əllərində fətullahçıların iftirasından başqa heç bir şey olmadığından nə “Ergenekon”, nə də “Tahşiyə” məsələsi ilə bağlı mənimlə bağlı heç bir hüquqi proses başlamayıb.

Ancaq həmin dövrdə Azərbaycanda Elnur Aslanov və Ceyhun Osmanlı vasitəsilə mənim həbs edilməyim planlaşdırılmış və Nəsimi Rayon Məhkəməsinə də müraciət edilmişdi. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə haqqımda cinayət işi qaldırılmışdı. Hazırlıq iclasından sonra “Şəhidlər” məscidində axşam namazında Elnur Aslanovun adamı ilə görüşdük və mənə açıq təklif edildi: Fətullah Gülənlə bağlı yazıları dayandır, səndən əl çəkək.

 

 

Bəli, açıq kontekstdə Gülənlə bağlı yazıları dayandırmağım tələb edildi. Çox güclü olduqları və mənim həbs olunmağımın Elnur Aslanovun bir zəngindən asılı olduğuna dair mesaj verdilər. Mən də məhkəməni bitirmək üçün razılıq verdim. Bir həftə də yazmadım və onlar da söz verdikləri kimi ərizəni geri götürdülər. Elə həmin axşam da Gülənlə bağlı 4 dosye yayınladım. Bu da onları çox qəzəbləndirdi. Mənimlə görüşən şəxs Aslanovun buna çox qəzəbləndiyini bildirdi və dedi ki, “Elnur müəllim sənin adını elə qara siyahıya saldı ki, bundan sonra dövlətin heç bir proyektindən yararlana bilməyəcəksən. Heç bir lahiyəni heç bir qurum təsdiqləməyəcək. Dövlətin heç bir media qurumu səni görməyəcək. Sənin bundan sonra həbsdə, yaxud da azadlıqda olmağının heç bir fərqi olmayacaq”.

 

Və təxminən 6-7 ildən bəri Elnur Aslanov getsə belə o təcrid siyasəti davam edir. Bu gün atılan o iftira da o illərin məhsuludur. Qısacası, Gülən özünə qarşı çıxan hər kəsi bir araya toplamaq və iftiraçı elan etmək onların adətidir. Terrorçu, “əl-Qaidəçi” lider adlandırdığı şəxs televiziyadan gördüyümüz qədəri ilə xəstə və təkbaşına özünə stəkandan su tökə bilməyəcək qədər aciz insandır. Onların da, bizim də tək suçumuz Güləni ifşa etməkdir. Ona görə də qırx dərədən su gətirərək özlərini təmizə çıxarmaq və bizi ləkələmək istəyirlər. Dediyim kimi, əgər azacıq suçum olsaydı, bu 7-8 ildə 50 dəfə Türkiyəyə gedib-gəlmişəm, hər hansısa da bir maneə ilə rastlaşmamışam. Bu gün Elnur Aslanovun yerinə mənə qarşı fantastik cərimələr istənilir. Bu da fətullahçıların Azərbaycandakı mövqelərini hələ də itirmədiklərini göstərir”.

*** 

13:52

Türkiyədə bu həftənin əvvəlində həbs edilən fətullahçı media mənsublarının və polislərin işi üzrə materiallarda Azərbaycanın adı daha bir epizodda çəkilir.

Xəbər verildiyi kimi, həbs edilənlər vaxtilə Səidi Nursinin “nurçular” təriqətinin bir qolu olan, ancaq sonradan radikal vəhhabiliyə meyl etdiyi deyilən “Tahşiyeciler” adlı qrupa qarşı “saxta dəlillər hazırlama” ittihamı ilə üzləşiblər.

Virtualaz.org saytı xəbər vermişdi ki, bundan əvvəl “Tahşiyecilər” qrupuna qarşı 2009-2010-cu ildə keçirilən həbslərin, bu iş üzrə istintaq materiallarının “saxta dəlillər əsasında” aparıldığı bildirilib.

Həmin qrupa qarşı “saxta dəlillər” hazırlamaqda ittiham olunaraq “Samanyolu” telekanalının və “Zaman” qəzetinin rəhbərliyi, habelə əməliyyatı həyata keçirən polislər həbs olunub. Bu həbslərdən sonra “Tahşiyecilər” qrupunun işi üzrə istintaq materiallarından epizodlar da hökumətə yaxın mediada yer almağa başlayıb.

Məlum olub ki, 2011-ci ildə istintaq “Tahşiyeciler” qrupunun lideri, radikal islamçı Mehmet Doğanı “əl-Qaidə”nin Türkiyə və Azərbaycan özəyinin lideri kimi tanıyıb.

İndi isə məlum olur ki, “Tahşiyecilər” qrupunun işi üzrə istintaq materiallarında Azərbaycanın Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının xanımı Tənzilə Rüstəmxanlının da adı yer alırmış.

“Sözcü” qəzetinin yazdığına görə, “Tahşiyecilər” qrupuna qarşı həbs əməliyyatlarını həyata keçirən fətullahçı polislər həmin qrupun “Ergenekon” terror təşkilatı” ilə də təmas içərisində olduğuna dair dosye hazırlayıb (xatırladaq ki, Ərdoğanla Gülən arasında müharibənin başlamasından sonra “Ergenkon” işi saxta elan edilib, bu iş üzrə həbs edilən generallar və digərləri azad olunub).

Məlum olur ki, 2009-cu ilin mayında “Tahşiyecilər” qrupu haqda İstanbul polisinin terrorla mübarizə şöbə müdirliyi İstanbul Cümhuriyyət prokurorluğuna araşdırma icazəsi almaq üçün tələbnamə göndərib.

Həmin sənəddə “Tahşiyeciler”in “Ergenekon”la əlaqəli olduğu göstərilib. Həmin tələbnaməni göndərən antiterror şöbəsinin rəisi Ertan Erçıktı son həbs dalğasında saxlanılıb.

Onun göndərdiyi tələbnamədə yazılır: “Mehmet Doğan və “Tahşiyecilər”in digər əsas liderlərinin “Ergenekon” işi üzrə ikinci istintaqın materiallarında adı keçən Tənzilə R. ilə Azərbaycanda birlikdə fəaliyyət göstərən Aqil F. və Hüseyn B. ilə təmasda olduğu müəyyən edilib. Bu əlaqələr telefonların dinlənilməsi və texniki təqib yolu ilə təsbit olunub”.

Bu sənəddə adı keçən Aqil.F-nin isə Azərbaycanda Fətullah Gülənin təriqətinə qarşı müntəzəm olaraq yazılar verən “Yeni Çağ” qəzetinin redaktoru Aqil Ələsgər olduğu ehtimal edilir.

“Tahşiyeciler” qrupuna qarşı keçirilən əməliyyatda həbs edilənlərdən biri, Şanlıurfadan olan iş adamı Hüseyn Böyükfırat isə 2010-cu ildə necə həbs edildiyini danışır. O, iddia edir ki, ata dostu, eyni zamanda “Nur tələbəsi”, istefada olan iman Mehmet Doğan əsərlərinin birində Fətullah Gülənin dinlərarası dialoq təşəbbüsünü tənqid edərək bunun “islama zidd olduğunu” yazıb. Bundan sonra Gülən şəbəkəsi onları təqib etməyə başlayıb.

Təhsil almaq üçün Azərbaycana gələn və burada qalan Böyükfırat bizneslə məşğul olaraq ölkədə restoran şəbəkəsi qurub. 2010-cu ildə onun barəsində “Tahşiyecilər” terror qrupuna üzv olmaq ittihamı ilə həbs qərarı çıxarılıb. Türkiyədə isə qardaşı həbs olunub.

“İran üzərindən quru yolu ilə Suriyaya, oradan Akçakalaya getdim, sərhəddə həbs olundum. Məhkəməyə çıxarıldım və sərbəst buraxıldım. Bizi həbs etməkdə məqsəd Gülənə qarşı çıxan müxalifləri susdurmaq idi” - Böyükfırat bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 125
avatar

Oxşar yazılar