Bakı Ağır Cinayətlər Məhkəməsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işləri üzrə məhkəmə prosesində hökm oxunub.
Lent.az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə Cavanşir Rüstəmzadənin 7 il, 6 ay Mehman Əsədovun 9 il, Novruz Qulaminin 7 il azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı Cavanşir Rüstəmzadənin 10 il, Mehman Əsədovun 10 il, Qulami Novruzun 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.
Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.
İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.
Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə ittiham olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2 (Oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə) 271.2.2 (Kompüter sisteminə qanunsuz daxil olma- qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham elan olunub.