“Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovun həbs-qətimkan tədbiri müddətinin uzadılmasından apellyasiya şikayəti verilib.
Lent.az-a bu barədə Taleh Bağırovun vəkili Cavad Cavadov məlumat verib. O bildirib ki, şikayət artıq Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.
Vəkil onu da qeyd edib ki, Taleh Bağırovun müdafiəsinə daha bir vəkil - Elçin Sadıqov da qoşulub.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. T.Bağırov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan sonra isə Nəsimi Rayon Məhkəməsində T.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Müdafiə tərəfi bununla bağlı apellyasiya şikayəti verib.