Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər.
Təqsirləndirilən T. Bağırzadə AXCP sədrinin müavini F. Qəhrəmanlının həbsinin Nardaran hadisələri ilə bağlı olmadığını əsas gətirərək, azadlığa buraxılması barədə vəsatət qaldırıb. O, eyni zamanda "Hacı Taleh Bağırzadənin müraciəti" adlı kitabçanın cinayət işi materiallarından çıxarılmasını istəyib.
F. Qəhrəmanlının vəkili Yalçın İmanov hüquqlarını müdafiə etdiyi F. Qəhrəmanlının barmaqlıqlar arasından çıxarılıb, vəkillərinin yanında əyləşməsi haqqında vəsatət qaldırıb. Vəkil F. Qəhrəmanlının günahsız olduğunu və onun barəsində cinayət işinin ayrılıb, istintaq orqanına qaytarılmasını istəyib. Y. İmanov F. Qəhrəmanlı haqqında həbs qəti-imkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı ilə əvəz edilməsini də xahiş edib.
F. Qəhrəmanlı isə vəsatətlərə münasibət bildirərək elan olunan ittihamlarla özünü təqsirli bilməyib.
Müşavirədən sonra məhkəmənin vəsatətləri təmin etmədiyi açıqlanıb.
T. Bağırzadənin vəkili Elçin Sadıqov da hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət qaldırıb.
Prosesdə T. Bağırov da ifadə verərək, özünü təqsirli bilmədiyini deyib.
Təqsirləndirilən Abbas Hüseynovun vəkili Fariz Namazlı isə vəsatət qaldıraraq, A. Hüsenynin ibtidai istintaqa verdiyi ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib.
Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.
Proses iyulun 22-də davam edəcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.