Suriyada və İraqda terror təşkilatlarının tərkibində döyüşməkdə ittiham edilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək H. Əliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxs son sözlə çıxış edib. Hakimlər kollegiyasının hökmünə əsasən, Həsrət Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Həsrət Əliyevin həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.