Bakı Apellyasiya Məhkəməsində İŞİD və digər silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 6 nəfərlik dəstə üzvlərinin - Ruslan Mustafayev, Tural Həsənov, Tariyel Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev və Fərid Muradovun birinci isntansiya məhkəməsinin qərarından verilən şikayət əsasında məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər şikayətin məhkəmə istintaqı keçirilməsini tələb ediblər. Məhkəmə vəsatəti təmin etməyib. Ona görə, təqsirləndirilən şəxslər ilkin qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriblər.
Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb. Saxlanılanlar arasında yuxarıda adları çəkilən şəxslər də var.
Məlumatda bildirilirdi ki, təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Ruslan Mustafayev 14 il, qalan 5 nəfərə isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar verilən hökmlə razılaşmayaraq apellyasiya şikayəti veriblər.