Bu gün süni qiymət artımında təqsirləndirilən Elmir Məhərrəmovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin Səhiyyə Nazirliyinin Analitik Mərkəzinə göndərdiyi sorğusunun cavabı elan edilib. Təqsirləndirilən şəxsin vəkili bildirib ki, mütəxəssis yalnız ekspertizanın verdiyi rəyi təsdiqləyib: "Biz məhkəmədə vəsatət verərək iş üzrə adı keçən "Peqintron" dərmanının qablaşdırılması, qiymətləndirilməsi ilə bağlı təkrar ekspertizanın keçirilməsini istəyirik. Çünki verilən ekspert rəyində çox yanlışlıqlar var". Hakimlər müşavirəyə gedərək müdafiə tərəfinin verdiyi vəsatəti təmin ediblər. İş Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinə göndərilib. Buna görə iş qeyri-müəyyən günə qədər fasilə elan edib.
Qeyd edək ki, bu il yanvar ayının 29-da Baş Prokurorluğun yaydığı məlumata görə, “Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən “AVİS” aptekində bir qutusunun qiyməti 326 manat olan “Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satılması, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vəsitələrinin qanunsuz satılması müəyyən edilib. “Maymed” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, O.Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən ilkin olaraq müəyyən edilmiş 104 adda dərman vasitələri, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülmüşdür. Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı “Maymed” MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən “AVİS Badamdar” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən “AVİS İstanbul” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən “AVİS Tusi” şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitləri aşkar edilib. “Maymed” MMC-nin direktoru E.Məhərov vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraqhəmin dərman vasitəsinin ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb.