Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirlib.
Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anası Adilə Əzizova ifadə verib. O, mərhumu tanıdığını deyib. Adilə Əzizova bildirib ki, Nurlan Xudiyev onlara bir neçə dəfə gəlib. Daha sonra prosesdə bir neçə şahid ifadə verib. Zamin Məcidli də məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilib.
Qeyd edək ki, qətl hadisəsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini Zamin Məcidli ötən ilin iyulun 12-də həmyaşıdı Salyan rayon sakini Nurlan Xudiyevi bıçaqlayaraq öldürüb.
Zamin Məcidli şübhəli şəxs qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edib. O, cinayətin aləti olan mətbəx bıçağını və Nurlan Xudiyevin üzərində olmuş fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirib. İstintaq araşdırması zamanı məlum olub ki, hadisə söyüş üstündə baş verib. Hadisə zamanı Nurlan Xudiyev dostu olan Zamin Məcidlinin söyüb. Onun söyüşlərindən əsəbləşən Zamin Məcidli bıçağa əl atmalı olub. Zamin Məcidli və Nurlan Xudiyev hərbi xidmətdə də bir yerdə olublar.
Zamin Məcidli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.