Dələduzluqda təqsirləndirilən şirkət rəhbərləri Tahir Məcidov, Həmidxan Mürvətov və Faiq Sadıqovun birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayəti üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə vəkillər məhkəmənin ilkin baxış iclasından Ali Məhkəməyə kassasiya şikayəti verib. Buna səbəb vəkillərin şikayəti məhkəmə istintaqı ilə aparılmasını istəmələri olub. Hakim isə onların vəsatətini təmin etməyib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, "Meyniman-1" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri H.Mürvətovun qanunsuz hərəkətləri barədə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, H.Mürvətov Əmlak Məsələləri Dövlət Komitəsinin mövcud olmayan 9 fevral 2012-ci il tarixli sərəncamını əsas kimi götürərək Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində 96 min manat dəyərində 10 km uzunluğunda istifadə olunmayan və istifadəyə yararsız su kəməri xəttinin rəhbərlik etdiyi cəmiyyət tərəfindən sökülərək metal qəbulu məntəqəsinə təhvil verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi ilə guya razılığa gəlmələri barədə 15 fevral 2012-ci il tarixli saxta alqı-satqı müqaviləsi hazırlayıb. Boru kəmərləri Göyçay suvarma sistemləri idarəsinin balansında olduğundan planlaşdırdığı cinayəti həyata keçirmək məqsədilə H.Mürvətov həmin müqaviləni qeyd edilən idarəyə təqdim etməklə kəmərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən guya ona satıldığını və söküb aparacağını bildirib. Bundan sonra H.Mürvətov işin texniki cəhətdən həyata keçirilməsi üçün hazırlıqlar görərək metalın kəsilməsində istifadə olunacaq avadanlıq və texnikanı Qaraməryəm kənd sakini Quliyev İlqar Ağaqulu oğlunun həyətinə gətirərək külli miqdara özgə əmlakını ələ keçirməyə cəhd edib. H.Mürvətovla yanaşı T.Məcidov və F.Sadıqov da həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Sadıqov 9 il, H.Mürvətov 10 il və T.Məcidov 11 il müddətinə azadlıqdan məhrum edilib.