Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq edəcək KİV nümayəndələrinə akkreditasiya vəsiqələri təqdim olunub.
APA-nın məlumatına görə, bununla əlaqədar təşkil olunmuş tədbirdə müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev də iştirak edib. Azərbaycanın müharibə şəraitində olduğunu xatırladan nazir müavini düşmənlə aparılan psixoloji müharibədə jurnalistlərin köməyinə ciddi ehtiyac olduğunu bildirib: “Biz bu gün düşmənlə fiziki müharibə aparırıq. Psixoloji müharibəni aparmaq isə siz jurnalistlərin üzərinə düşür. Bu müharibədə hamımız bir olub, düşmənin üzərinə yeriməliyik”.
Tədbirin sonunda K. Vəliyev akkreditə olunmuş KİV nümayəndələrinə vəsiqələrini təqdim edib.
Qeyd edək ki, 2015-ci ilin avqustunda Azərbaycan Nazirlər Kabineti“Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nı təsdiq edib. Bu sənəd jurnalistlərin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri ( KİV) nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir.