Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sifarişli qətl törətməkdə təqsirli bilinən Şahvələd İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirlən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Şahvələd İmanov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçən məhkəmə prosesində dövlət ittahamçısı Ş. İmanovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qət1l sifarişçisi Aydın Rüstəmov barəsində tibbi ekspertizaya rəyinin verilməsi barədə qərar verilib. Onun anlaqsız olması buna səbəb olub.
Qeyd edək ki, bu cinayət hadisəsi 2013-cü ilin may ayında baş verib. “Şəms-MMC” firmasının sahibi Mirəli Həqzadə yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən 23 bıçaq zərbəsi almaqla ağır yaralanıb. Yaralı xəstəxanada əməliyyat olunsa da, gecə saatlarında müəmmalı şəkildə dünyasını dəyişib.
Hadisədən bir qədər sonra mərhumun sifarişlə qətlə yetirildiyi məlum olub. Qətlin sifarişçisinin 1966-cı il təvəllüdlü Rüstəmov Aydın Aslan oğlu, icraçının isə əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü İmanov Şahvələd Mürsəl oğlu olması müəyyənləşib.
Hadisədən sonra Şahvələd İmanov yaşadığı Göygöl rayonuna qaçsa da, çox keçmədən həbs olunub. İlkin dindirilmə zamanı sifarişçinin Aydın Rüstəmov olması müəyyənləşib.