Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirli bilinən Sumqayıt şəhər sakini Mirhüseyn Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Mirhüseyn Bağırov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Qeyd edək ki, Mirhüseyn Bağırov ötən ilin dekabrın 17-də istintaqa məlum olmayan mənbədən külli miqdarda heroin əldə edib. O, narkotik vasitəni Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən “Babək” marketin yanında daşın altında gizlədib. Mirhüseyn Bağırov bu ilin fevralın 15-də həmin narkotik vasitəni şərti alıcıya satmaq istəyərkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Bölməsinin Sumqayıt regional şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Mirhüseyn Bağırov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda olan narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddəsi ilə ittiham edilib.