Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı ailəsi ilə birgə yandırmaq istəyən Röyal Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Röyal Fətəliyev verilən ittihamlar üzrə özünü qismən təqsirli hesab edib.
Röyal Fətəliyev ifadəsində hadisəni törədərkən spirtli içkinin təsirində olduğunu bildirib.
Məhkəmə prosesi mayın 22-nə təyin edilib.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Fətəliyev Röyal Azər oğlu 2013-ü il dekabrın 4-də Musayev Əli ilə küçədə mübahisə edib, sonra onu döyərək qolundan tutub evə aparıb. Orada Əlini zorla soyundurub bıçaqla üzünə və sinəsinə xəsarət yetirib. Röyal Fətələliyev dostu Əli Musayevi soyundurduqdan sonra çılpaq vəziyyətdə küçəyə çıxarıb xalasıgilə kimi aparıb.
Röyal Fətəliyevin ittiham olunduğu digər iş isə atasının dostu Asif Əsgərovu döyməsi olub. Röyal atası haqda nalayiq ifadələr işlədən Asifi “Binə” bazarının yanında yerləşən “Dərya” kafesinin arxasına çağırıb. Onu orada döyərək zibil qutusuna atıb.
Röyal Fətəliyev telefon vasitəsilə tanış olduğu qızdan "yox" cavabı aldıqdan sonra onu ailəsi ilə birgə yandırmaq qərarına gəlib. 2014-cü ilin iyunun 12-də Röyal Fətəliyev içkili vəziyyətdə gizlincə sevdiyi qızın yaşadığı evin zirzəmisinə girib, oradakı palazı alışqanla yandırıb və oradan uzaqlaşıb. Evi yandırsa da, qız və ailəsi sağ-salamat xilas olublar.