Bakı Apellyasiya Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, S.İmanovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, qətl hadisəsi ötən il Nəsimi rayonunda baş verib. S.İmanova keçmiş ərini bıçaqla qətlə yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan S.İmanova hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İmanova 12 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, S.İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.