Gəncədə əvvəllər şəriki olduğu mağazanı yarıb sonra yandıran şəxs saxlanılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər sakini, Ərşad Zərgərov Kəpəz rayon Polis İdarəsinə müraciət edərək Nəriman Nərimanov prospektində ona məxsus mağazadan oğurluq edilərək yandırıldığını bildirib.
Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxs, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan Azər Zeynalov saxlanılıb.
Hadisə yerinə baxış keçirilərkən oranın dizel yanacağı ilə yandırıldığı, müəyyən olunub. Zərərçəkən şəxsin deməsinə görə, mağazadan 600 manat dəyərində siqaret, 300 manat pul, 300 manat dəyərində spirtli içkilər və 40 manat dəyərində yuyucu tozlar oğurlanıb.
Məlumata görə saxlanılan Azər Zeynalovla Ərşad Zərgərov mağazanı əvvəl bir yerdə işlədiblər. Sonra aralarında yaranan narazılıq səbəbindən Azər Zeynalov mağazanı yararaq yandırıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma gedir.