Şəki rayon sakininə məxsus, bir həyətdə tikilmiş iki fərdi yaşayış evi yanıb.
Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 16:35 radələrində rayonun Baş Küngüt kəndində, kənd sakini Məmməd İsmayıl oğlu Yusifova məxsus həyətyanı sahədə bir birinə bitişik tikilən biri ikimərtəbəli 6 otaqdan ibarət olmaqla ümumi sahəsi 270 kv/m, digəri isə birmərtəbəli 6 otaq olmaqla ümumi sahəsi 300 kv/m olan fərdi yaşayış evlərində hələ ki bilinməyən səbəbdən yanğın baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində hər iki evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.
Məlumatda bildirilir ki, evlərdə yanğın baş verən zaman ev sahibləri Bakıda olub. Yanğın barədə FHN-nin Şəki rayon DYMH-ə Məmməd Yusifovun qonşuları məlumat verib. Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.